Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycan Mədəniyyətinin İnkişaf Tarixi” İctimai Birliyi tərəfindən “Aztəminatlı ailələrdən olan yeniyetmə və gənclərin tarixi mədəniyyət abidələrinə turların təşkili” adlı layihənin icrasına başlanıb.
Layihənin əsas məqsədi Azərbaycan gəncliyinin inkişaf etdiyi bir dövrdə bu inkişafa dəstək olmaq, gənclərin vətənpərvər bir şəxsiyyət kimi formalaşmasına yardım etmək, onlara Azərbaycançılıq ideologiyasını aşılamaq, tariximizin öyrənilməsinə yardımçı olmaqdır. Azərbaycan xalqına, dövlətçiliyinə sadiq gənclər öncə Azərbaycanın zəngin tarixi abidələrini dərindən öyrənməlidirlər.
Qədim odlar yurdumuz Azərbaycan təkcə əsrarəngiz təbiətilə dünyanı fəth etmir. O, həm də zəngin və qədim tarixə malikdir. Min illər ərzində Azərbaycanın ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş özünəməxsus rəngarəng mədəni irs yaradılıb. Azərbaycanı tanımaq bölgələrin tanıtımından başlayır. Bu layihə gənclər arasında qərb bölgəsinin tarixini, mədəniyyətini, adət-ənənələrini təbliğ etməkdən, Azərbaycanı onlara daha yaxından tanıtmaqdan, gənclərin ölkəmizə olan marağını artırmaqdan bəhs edir. Bu məqsədlə Ağstafada aztəminatlı ailələrdən olan məktəblilər üçün mədəni tarixi abidələrə turlar təşkil edilib.