“Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi Milli Məclisdə birinci oxunuşda müzakirəyə çıxarılıb. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, layihəni təqdim edən Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, qanunun məqsədi Azərbaycan ərazisində kabel şəbəkəsi yayımının həyata keçirilməsinə şərait yaratmaqdan, kabel şəbəkəsi yayımı xidmətindən istifadə edən abonentlərin və bu fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin maraqlarını müdafiə etməkdən, kabel şəbəkəsi yayımı sahəsinin inkişafı üçün əlverişli mühit formalaşdırmaqdan ibarətdir.
Bu Qanun ümumistifadəli telekommunikasiya şəbəkələrinə qoşulmayan istehsalat, texnoloji və tədqiqat məqsədləri üçün işlədilən kabel şəbəkəsi yayımına şamil edilmir. Qeyd edək ki, qanun layihəsi 17 maddədən və 4 fəsildən ibarətdir.
Deputat Siyavuş Novruzov çıxışında qeyd edib ki, kabel televiziyaları vətəndaşların hər dəqiqə hüquqlarını pozurlar: “Beş-altı adam oturub pul qazanır. Pis göstərəndə isə məsuliyyət daşımır. Müqavilədə olan müddəaların heç biri yerinə yetirilmir. Hardasa vətəndaş aylar sərf edib məhkəməyə müraciət edəndə isə 150 manat cərimə edilir. Bu da az məbləğdir. Burada cərimə məbləği artırılmalıdır. İkinci məqam isə vətəndaşlara seçim imkanının olmamasıdr. Saat 12 olan kimi, qar yağıb külək əsən kimi isə heç nə göstərmir. Ona görə də qanunda istehlakçıların hüquqları qorunmalıdır. Bununla yanaşı, biz internet televizyalarına qarşı da ən sərt cəzanı da tətbiq etməliyik”.