Jurnalistlərə yeni binada mənzil verilməsi üçün qayda və şərtləri müəyyənləşdirmək üçün Komissiya yaradılıb.
Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) sədri Vüqar Səfərli keçirilən mətbuat konfransında açıqlayıb.
Komissiyaya KİVDF, Milli Televiziya və Radio Şurası və Mətbuat Şurasının hər birindən 3 nəfər daxil edilib. KİVDF-dən Vüqar Səfərli, Müşfiq Ələsgərli, Samir Mustafayev, MTRŞ-dən Nuşirəvan Məhərrəmli, Nemət Cavadov, Aygün Mehdiyeva, Mətbuat Şurasından Əflatun Amaşov, Vüqar Rəhimzadə, Aydın Quliyev Komissiyaya daxil edilib.
Komissiyanın sədri V. Səfərlidir.
Mətbuat konfransında yeni binada mənzillərin verilməsi üçün namizədliyi irəli sürüləcək əməkdaşlardan tələb olunan sənədlər açıqlanıb.
Həmin KİV namizədin şəxsiyyət vəsiqəsinin surəti, namizədin əmək kitabçasının surəti (KİV rəhbəri tərəfindən təsdiq olunmuş formada), namizədin ailə tərkibi haqqında arayış, namizədin müəyyənləşdirilməsi ilə bağlı iclasın protokolundan çıxarış (möhürlü və imzalı), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin, onun həyat yoldaşının və övladlarının adına mənzil şəraiti ilə bağlı arayışın əsli, namizədin tərcümeyi-halı (hazırda yaşadığı ünvan və əlaqə telefonu da olmalıdır) təqdim etməlidir.
Təqdimatlarda namizədin mənzil-şəraitinin yaxşılaşdırılması kriteriyalarına uyğun gəldiyi əsaslandırılmalıdır. Jurnalistikanın inkişafında xidmətləri, peşəkarlığı, cəmiyyət tərəfindən tanınması və mənzilə ehtiyac kimi meyarlara üstünlük veriləcək.
Dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları barədə Komissiyaya müvafiq şərtlərə və qaydalara uyğun təqdimat verilə bilər.
Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olan veteran jurnalistlər müvafiq şərtlərə və qaydalara uyğun Komissiyaya fərdi qaydada müraciət edə bilərlər. Adları Mətbuat Şurasının "qara siyahısı"na daxil edilmiş, barələrində məhkəmə qərarı olan və Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV təqdimat verə bilməz.
Sənədlər may ayının 22-dən iyunun 22-dək Komissiyaya təqdim edilməlidir. Komissiya toplanmış sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim etməlidir.
İyulun 22-də binanın açılışı gözlənilir.