"Bakı prosesini dəstəklədiyinə görə tədbir iştirakçılarına təşəkkür edirəm". Bu sözləri IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bəşəri prosesə çevrilir və tərəfdaş təşkilatların sayının artması da bunu göstərir: "BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının bu ildən Forumun təşkilatçıları sırasında iştirak etməsi mühüm faktdır. İnanıram ki, iki gün ərzində tədbir iştirakçıları Azərbaycanın qidasının da dadlı, təhlükəsiz olduğunun şahidi olacaqlar".
Nazir qeyd edib ki, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öncəki illərlə keçirilən forumlardan bir sıra məqamlarla fərqlənir: "IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ilk dəfə beynəlxalq təşkilatların yüksək səviyyəli toplantısının keçirilməsi nəzərdə tutulur. İnanırıq ki, birinci vitse-prezident Mehriban Əliyeva Forumda iştirak edəcək. Bu il Azərbaycan və UNESCO-nun təşəbbüsü ilə ekstremizmlə mübarizə məsələlərinə həsr olunan toplantı təşkil ediləcək. Forum çərçivəsində turizm və mədəniyyət nazirləri bir araya gələcək. Qida təhlükəsizliyi ilə bağlı xüsusi bir sessiya keçiriləcək. Sessiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çıxışı nəzərdə tutulub. Bundan başqa, Forum çəriçvəsində dünya parlamentləri nümayəndələrinin toplantısı keçiriləcək. Forum çərçivəsində xüsusi mükafat da təsis olunacaq".
Nazir UNESCO baş katibi İrina Bokovanın sabah Bakıya gələcəyini də əlavə edib.