Azərbaycanda oxuyan türk "həkim"in daha bir silikon qurbanı üzə çıxdı - FOTO

15:00 - 4 May 2017 - HADİSƏ

Türkiyədə Azərbaycanda oxuduğu iddia edilən həkimin daha bir silikon qurbanı üzə çıxıb. Dodaqlarına yeridilən silikondan sonra həyatı məhv olan və dodaqlarını tamamilə itirmək təhlükəsi ilə üz-üzə olan 22 yaşlı tibb bacısı Merve Keleş son bir neçə gündə ölkənin gündəmini zəbt edib. Onun görüntüləri və başına gələnlər internetdə sürətlə yayıldıqdan sonra adıçəkilən "həkimin" daha bir silikon qurbanı üzə çıxıb. Saç ustası olan, Azərbaycanda kosmetologiya üzrə təlim gördüyünü deyən Soner G.yə 20 gün öncə dodaq silikonu etdirən 30 yaşlı qadının da sağlamlığında problem yaranıb. Z.U adıçəkilən şəxsə göstərdiyi xidmət müqabilində 1000 lirə (təqribən 570 manat) ödəyib. 20 gündür evdən çıxa bilməyən, marketə belə maska ilə gedən qadın Mərvənin başına gələnləri gördükdən sonra prokurorluğa müraciət edib.

Bundan başqa, M.Keleşlə əlaqə saxlayan daha 3 qadın silikon qurbanı olduqlarını bildiriblər.

Z.U-nun bacısının sözlərinə görə, adıçəkilən "həkimi" onlar internetdən tapıblar. "Bacımın bir dostu silikon qoydurmaq istəyirdi. İnternetdən Soner G.ni tapdı. İnstagram-da "Medical Estetik Uzmanı" adlı səhifə var idi. O, özünü həkim kimi təqdim edib və 3 il bu sahə üzrə təhsil aldığını qeyd edib. Prosesi isə evdə həyata keçirib. Silikon qoyulandan bir saat sonra allergik reaksiya başlayıb. Dodağı şişəndə isə "infeksiya düşüb" cavabı eşidib. Soner G. dodağa nə yeritdiyini bizə demir. Həkimlər ən yaxşı halda belə dodaqlarında izlə yaşayacağını deyiblər".

Əslində, saç ustası olan, Azərbaycanda kosmetoloq təlimi gördüyü iddia edilən Soner polisə ifadə verib. O, ifadəsində özünü müdafiə edidb. "Heç kimə hesab verməyə borclu deyiləm. Adam öldürmədim, oğurluq etmədim. Utanacağım, peşman olacağım heç nə etmədim".

Maraqlıdır ki, ilkin ifadəsində Soner G. 22 yaşlı tibb bacısının da dodağına silikon vurduğunu təkzib etmişdi. Lakin ötən günki açıqlamasında o, spirtli içki qəbul etdiklərini və heç kimə harada oxuması barədə diplom göstərmədiyini deyib. "Həkim olduğumu demədim. O, mənim dostumun rəfiqəsi idi. Eyni evdə içki qəbul etdik. Daha sonra dolğu maddəsi olduğunu dedi və məndən onu dodağına vurmağımı istədi. "Vur" dedikləri yerdən iynəni vurdum".( istipress)


Xəbər xətti