Ötən gün axşam saatlarında Bakıxanov qəsəbəsində, Ramiz Qənbərov küçəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Naməlum avtomobil piyada Məmmədova Xəyalə Ənvər qızını vuraraq hadisə yerindən qaçıb.
25 yaşlı qız müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə verilib. Həkimlərin səylərinə baxmayaraq Xəyalə Məmmədova ötən gecə dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən 263.2-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən avtomaşının müəyyən olunması istiqamətində axtarış-əməliyyat tədbirləri davam etdirilir.SalamNews