AZAL-ın vitse-prezidenti: "Klubun fəaliyyətini dayandırması maddiyyatla bağlıdır"

16:19 - 3 May 2017 - İDMAN

Fikrət Hüseynov AZAL-ın illik büdcəsini açıqladı

Ucnoqta.az fəaliyyətini dayandırdığını bəyan edən AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynovun apasport.az saytına müsahibəsini təqdim edir:
 

- AZAL fəaliyyətini dayandırdığı, mövcud maddi-texniki təminatı və infrastrukturu ilə “Zirə”yə dəstək olacağı ilə bağlı bəyanat yayıb...
- Bəli, klubumuz fəaliyyətini dayandırdı və infrastrukturu, bazası ilə “Zirə”yə dəstək olacaq.
 

- “Zirə” dəstək üçün sizə müraciət etmişdi?
- Əlbəttə. “Zirə” də müraciət etmişdi, biz özümüz də maddi səbəbdən klubumuzun fəaliyyətini dayandırdıqdan sonra bu cür addım atmağı lazım bildik. Futbolda əsas rolu maddi məsələ oynayır. Maddi cəhətdən problemlə üzləşdiyimizə, “Zirə”nin bazası olmadığına və yaxın qəsəbələri təmsil etdiyimizə görə, bu kluba infrastruktur baxımından dəstək olacağıq.
 

- Belə çıxır ki, “Zirə” növbəti mövsümdən ev oyunlarını Şüvəlanda keçirəcək. Elə deyilmi?
- Bəli. “Zirə” bizim stadionumuzdan istifadə edəcək, ev matçlarını Şüvəlanda keçirəcək.
 

- Klubun bazası “Zirə”yə təmənnasız verilib, ya satılıb?
- Satmamışıq. Bu məsələ ilə bağlı 2 günə hər şey açıqlanacaq. Bazamızın “Zirə”yə necə verildiyini yaxın günlərdə biləcəksiniz.
 

- AZAL-ın aşağı yaş qrupları üzrə komandaları da fəaliyyət göstərməyəcək?
- Xeyr, onlar da qalmayacaq. Bütün komandalarımız fəaliyyətini dayandırır. Uşaq futbolu ilə bağlı 2-3 gün sonra dəqiq söz deyəcəyik.
 

- İşçi kollektivinizdən kimlərsə fəaliyyətini “Zirə”də davam etdirəcək?
- Yox, bizim işçilərdən heç kim orda çalışmayacaq.
 

- Bəs futbolçulardan “Zirə”yə keçən olacaqmı?
- Bunu bilmirəm. “Zirə” bizim futbolçularımızı istəsə, ola bilər.
 

- AZAL-ın fəaliyyətini dayandırması sizin Klublar Komitəsindəki (KK) üzvlüyünüzə də son qoyacaq...
- Doğrudu. Mən daha Klublar Komitəsində yer almayacam. “Xəzər Lənkəran” və “Bakı” klubları fəaliyyətini dayandırandan sonra onların KK-də nümayəndəsi yoxdusa, deməli, AZAL-ın da olmayacaq.
 

- AZAL-ın yaşaması üçün hansısa qurumlara müraciət olunmuşdu?
- Heç kimə heç nə deyilməmişdi. Biz kiminləsə əlaqə saxlamamışdıq. Klubun fəaliyyətini dayandırması sırf maddiyyatla bağlıdı.
 

- Sirr deyilsə, AZAL-ın illik büdcəsi nə qədər idi?
- Bunu deyə bilmərəm axı. Belə də ki, çoxu bilir. Ortabab şəkildə, 300-500 min arasında idi.

Xəbər xətti