Sovet maşınları yollardan yığışdırılır? - "Xarici maşını nə ilə alaq?" - VİDEO

17:21 - 3 May 2017 - ÖLKƏ İÇİ

Azərbaycan avtomobil idxalında "Avro-4" standartının tətbiqinə başlayıb. Artıq ölkəyə yalnız "Avro-4" standartının tələblərinə cavab verə biləcək avtomobillər idxal olunacaq. Lakin bu da bir həqiqətdir ki, hazırda Azərbaycan avtomobil parkının mühüm hissəsi köhnə avtomobillərdən ibarətdir. Belə avtomobillərin yaratdığı fəsadlar barədə kifayət qədər deyilib, müzakirələr aparılıb. ARB TV-nin “Günə doğru” proqramında mövzu ilə bağlı maraqlı reportaj yayımlanıb. Bir məsələ var ki, bölgələrdə xüsusilə kənd yerlərində Rusiya istehsalı olan köhnə avtomobillər əvəzolunmaz nəqliyyat növüdür. Çünki bu avtomobillərdən bəzən həm yük, həm də minik maşını kimi istifadə olunur. Onların dözümlülük göstəricisi isə digər xarici avtomobillərdən daha üstündür. Belə olduğu təqdirdə də qiymətindən asılı olmayaraq bəzən əksər sakinlər məhz Rusiya istehsalı olan avtomobillərə üstünlük verməli olurlar.

Sürücü: “Dağ rayonlarına xarici maşınlarla getmək qeyri-mümkündür. Yollar dağınıq, daşlıqdır. Xarici maşın daxil olan kimi çox hissələri dağılır”.

Son zamanlar elə müşahidələr də göstərir ki, xüsusilə magistral yollarda artıq Rusiya istehsalı avtomobillər digər xarici avtomobillərə sanki uduzur. Ağır qəzaların da əksəriyyəti məhz bu avtomobillərdə qeydə alınır. Bu isə onu deməyə əsas verir ki, həqiqətən artıq Rusiya istehsalı olan köhnə avtomobillər beynəlxalq standartlara tam cavab verə bilmir.

Sürücü: “Yeni çıxan avtomobillər yaxşıdır. Sovet maşınlarının hamısı xarabdır. Allah eləməsin, qəza olan zaman, təhlükəsiz yastıqları var. Ölüm halları çox azdır”.

Ancaq bütün bunlarla yanaşı, Rusiya istehsalı avtomobilləri birdən birə ləğv etmək olmaz. Bu avtomobillərin müəyyən qədər ucuz olması, onların ehtiyat hissələrinin hər yerdə satılması və bu maşınların kifayət qədər ustasının olması avtomobillərə meyli də artırır. Bu baxımdan standartlara cavab verməyən maşınların aradan çıxartmaq üçün mütləq şəkildə həmin sürücüləri nəzərə almaq lazımdır. Çünki bölgələrdə digər xarici markalı avtomobillər o qədər də üstünlük təşkil etmir.

Usta: “İmkanı olmayan adamlar sovet maşını alır. Xarici maşının hansısa detalı xarab olanda, nə qədər vəsait lazımdır”.

Sürücü: “Həm tez düzəlir, həm ehtiyac hissələri rahat tapılır, həmdəki ucuzdur. Ustalarda çörəkpulunu burdan aparırlar”.

Sürücü: “Ustalara da, bizə də sərf edir. Xarici maşını nə ilə alaq biz? O qədər qiyməti var”.

Bu avtomobillərin ləğvi məsələsinə gəlincə isə, hələlik bu sistemin tətbiqinə hazır olunmadığı aşkardır. Bütün prosedurlar həyata keçirildikdən sonra bu avtomobillərin utilizasiyası ilə məşğul olan zavod olmalıdır. Bu müəssisələri ya dövlət yaratmalı, ya da özəl quruma belə bir müəssisə yaratmaq üçün dəstək verilməlidir. Həmin zavodlarda avtomobillər müəyyən məbləğ qarşılığında zəruri detallara ayrılıb, təkrar emala göndərilir.

Məsələnin həlli istiqamətindlə ilk təşəbbüs Naxçıvanda həyata keçrilməkdədir. Belə ki, Naxçıvanda istehsal ili 1985-ci ilədək olan köhnə yük və minik avtomobillərinin əhalidən yığılmasına başlanılıb. Həmin avtomobillər əridilərək yenidən Naxçıvan Avtomobil Zavodunda ehtiyat hissələrinin hazırlanmasında istifadə olunacaq.

 

Xəbər xətti