Dünyanın ən yaşlı insanı ölüb. İndoneziyada Central Java kəndində yaşayan Saparmen Sodimenco 146 yaşında vəfat edib. Hamının Qoto baba kimi tanıdığı Saparmen Sodimenco aprelin əvvəlində səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. O, xəstəxanada bir neçə gün qaldıqdan sonra, evə buraxılmasını tələb etmişdi. 146 yaşında vəfat etməsinə baxmayaraq, Saparmen Sodimencoya dünyanın ən yaşlı adamı adı rəsmi şəkildə verilməmişdi. Çünki Qotonun dəqiq yaşını müəyyənləşdirmək mümkün olmayıb. Belə ki, onun doğum tarixi 1900-cu ildən öncəyə təsadüf edir, İndoneziyada isə məhz həmin ildən doğulanların qeydiyyatı aparılmağa başlayıb. Lakin 2014-cü ildə aldığı şəxsiyyət vəsiqəsində Qotonun doğum tarixi 1870-ci il qeyd edilib. Qotonun ömrü boyu siqaret çəkdiyi bildirilir. Onun artıq 4 arvadı, bacı və qardaşları, övladları da dünyasını dəyişib.(BBC)