"The İndependent" yazır ki, Almaniyanın xarici işlər naziri Sigmar Gabriel ABŞ prezidenti Donald Trampın qızı İvankanın, atasının administrasiyasındakı rolunu açıq tənqid edən ilk xarici vəzifəli olub. Cənab Gabriel-in bu tənqidi İvanka Trampın Berlində keçirilən W20 sammitində iştirakının dərhal ardınca səslənib. Bu sammit müasir dünya işlərində qadınların rolunun gücləndirilməsi yollarının müzakirəsinə həsr olunmuşdu. Sammitdə Amerikanı məhz prezident qızı təmsil edirdi. Almaniyanın Funke media qrupuna müsahibə verən cənab Gabriel İvankanın prezident Donald Trump-a, yəni doğma atasına müşavirlik etməsini "nepotism" - qohumbazlıq adlandırıb. O deyib: "Bəzi qəribə şeylər var. Məsələn onun qızının Almaniyaya səfərinə az qala dünya hadisəsi kimi qiymət verilib. Halbuki siyasətin ailə və bizneslə qarışdırılması bizə nepotizmi xatırladır. Bizim ölkədə belə bir şey ağlasığmazdır". "The İndependent" yazır ki, bu, xanım Trump-ın nepotizmlə bağlı qarşılaşdığı ilk ittiham deyil.
Mart ayında, Barack Obamanın baş etika müşaviri Norman Eisen CNN telekanalına demişdi ki, İvankanın prezidentə müşavir rolunda çıxış etməsi nepotizm qanunlarının pozulması deməkdir.
Bu qanuna görə Konqres üzvləri də daxil federal rəsmilərin hər hansı qohumlarını hakimiyyət və nəzarətə malik olduqları agentliklərə və ya nazirliklərə vəzifəyə təyin etməsi qadağandır. Bundan əvvəl Donald Trampın seçki kampaniyasının baş sözçüsü Ceyson Miller xanım Trampı müdafiə edərək demişdi ki, onun vəzifəyə təyin edilməsi nepotizm sayıla bilməz, çünki bu iş könüllüdür və İvanka buna görə maaş almır. Lakin tənqidçilər deyirlər ki, İvanka bütün hallarda ABŞ vergiödəyicisindən mənfəət götürür. İvanka Trump-ın indi Ağ Evdə özünün West Wing ofisi var. Ona təhlükəsizlik xidmətləri tərəfindən lisenziya və hökumət telefonlarından istifadə səlahiyyəti verilib (BBC).