Bakı 2017 ümumxalq səyahət turu Qusara yetişdi

13:01 - 30 Aprel 2017 - Xəbər

Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu dünən Qusara yetişdi. Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər,  eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək. 
Bu əlamətdar günlə əlaqədar dünən səhər ilk olaraq Laza yaxınlığındakı şəlalələr ətrafında tədbir keçirildi. Qusar şəhərindən kiçik və maraqlı dağ kəndi olan Lazaya gedən yol boyunca yamyaşıl, daşlı yaylaqlara sularını səpələyən bir neçə hündür şəlalə görmək olar.
Su mərasimi, şahmat həvəskarı Mətin Bədəlov, Azərbaycan Respublikasının əməkdar məşqçisi Carulla Şingərov və buza dırmanma üzrə Respublika çempionu Renat Rəhimxanov tərəfindən şəlalədən səhəngə su doldurulması ilə nümayiş etdirildi.  Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.
Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Qusar Olimpiya İdman Kompleksində daha bir möhtəşəm layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliğatı ve gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olundu. Tədbirin qonaqları arasında Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri və “Bu Şəhərdə” - nin tanınmış simaları Rəfael İsgəndərov, Coşqun Rəhimov və Müşviq Abbasov da var idi. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşatdı.
Mərasim axşam saatlarında General Əbilov parkında keçirilən Su festivalı tədbiri ilə davam etdi.  Tədbirə sərbəst giriş imkanı olan region sakinləri Mirvari rəqs qrupu, Cəmilə Zalova, Əliyar Hüseynov və Şəhla Atlıxanovanın ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq aldılar.
Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Qusar sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olundu. 
Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən buza dırmanma üzrə Respublika çempionu Renat Rəhimxanov demişdir: “İştirak etdiyim tədbirlərdə mənə dəstək olan bütün azarkeşlərimə dərin minnətdarlığımı bildirirəm.  İdmançının uğuru onun fasiləsiz məşq etməsi ilə yanaşı, alqışları ilə ona dəstək verən azarkeşlərdən də asılıdır, ona görə də izləyicilərimizi Bakı 2017 Oyunlarında millimizə dəstək verməyə çağırıram.”

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 1 may tarixində Quba rayonu olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək. 


Xəbər xətti