Mayın 2-də Azərbaycan Dövlət Filarmoniyasında görkəmli tarzən, Azərbaycanın xalq artisti, Dövlət Mükafatı laureatı, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli tarzən, professor Ramiz Quliyevin 70 illik yubileyinə həsr ounmuş təntənəli qala-konsert keçiriləcəkdir. Konsert Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyasının təşkilati dəstəyi ilə keçirilir. Tədbirdə Azərbaycanın tanınmış ifaçıları, kollektivləri və musiqi xadimlərinin iştirakı gözlənilir.
Qeyd etmək lazımdır ki, bu il prof. Ramiz Quliyev həm də pedaqoji fəaliyyətinin 50-liyini qeyd edir. O, görkəmli ifaçı kimi, Filarmoniyada, Konservatoriyada, radio və televiziyada, respublika zəhmətkeşləri qarşısında fəal solo konsertləri verir. Onun xarici ölkələrə qastrolları da həmişə uğurla keçərək, böyük rezonans doğurmuşdur. R.Quliyevin tarı Türkiyə, Əfqanıstan, Qvineya-Bisau, Suriya, Hollandiya, İsveçrə, ADR, Pakistan, Əlcəzair, Tunis, AFR, Hindistan, Yaponiya, ABŞ, Kanada, Polşa, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norveç və dünyanın digər ölkələrində heyranlıqla qarşılanmış, harada konsert vermişsə, həmişə müvəffəqiyyət qazanmışdır. 1987-ci ildə Səmərqənddə keçirilən III Beynəlxalq musiqişünaslıq simpoziumunda R.Quliyev Sadıqcan adına muğam üçlüyünün rəhbəri və solisti kimi böyük müvəffəqiyyətlə çıxış etmişdir.
1988-ci ildə YUNESKO xətti ilə ABŞ-da keçirilən Beynəlxalq folklor festivalındakı uğurlu çıxışından sonra o, yüksək ifaçılıq məharətinə görə komitə rəhbərliyinin xüsusi diplomuna layiq görülmüşdür. 1989-cu ildə isə R.Quliyev ənənəvi "Böyük ipək yolu" festivalına dəvət olunaraq, 40 gün ərzində Yaponiyanın 30-dan artıq şəhərlərində konsertlər vermişdir. 1997-ci ildə dünya şöhrətli musiqiçi M.LRostropoviç Ramiz Quliyev və oğlu Əyyub Quliyevlə birlikdə ifalarını yüksək qiymətləndirərək,onları aprel ayında Bakıda, may ayında isə Moskvada keçirilən 70-illik yubileyində çıxış etmək üçün dəvət etmişdir. 1997-ci ilin dekabrında İsrailin Yerusalim şəhərində Beynəlxalq Şərq musiqisi festivalında öz çıxışları ilə fərqlənmiş və orada yaratdığı "Şərq alətləri orkestri"ni nümayiş etdirmişdir. 1999-cu ildə İsveçrədə keçirilən Beynəlxalq "Lütsern musiqi festivalı"nda Bern şəhərinin "La strimpellata" orkestri ilə uğurlu çıxışlar etmişdir. 2002-ci ilin avqust ayında Norveçin Stavanger şəherində Beynəlxalq musiqi festivalında iştirak etmiş və konsertlər vermişdir.
1993-cü ildə sənət uğuriarına görə "Humay" Beynəlxalq Milli mükafatına layiq görülmüşdür. 2001-ci ilin sənət uğurlarına görə "Simurq milli mükafat fondu"nun təsis etdiyi “XXI əsrin ilk laureatları” ali dərəcəli mükafatı, "İlin fədakar sənətçisi" fəxri adına layiq görülmüşdür. O, Respublika Lenin komsomolu mükafatı laureatı (1978), musiqi ifaçılığı sənətinin inkişafındakı böyük xidmətlərinə görə əməkdar artist (1982), xalq artisti (1988) fəxri adları ilə təltif edilmişdir.
Görkəmli tarzən yorulmaz ifaçılıq fəaliyyəti ilə yanaşı, pedaqoji sahəyə də çoxlu güc və qüvvə sərf edir. Artıq bir çox illərdir ki, Respublikanın xalq artisti, professor R.Quliyev gənc ifaçı və müəllimlərin böyük bir ordusunu yetişdirməklə, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında öz pedaqoji fəaliyyətini davam etdirir. Onun xarici və Azərbaycan bəstəkarlarının tar ilə fortepiano üçün işləyib, köçürdüyü bir çox, olduqca dəyərli əsərləri çapdan çıxmışdir. R.Quliyev bir sıra dərsliklərin, proqramların, elmi məqalələrin və metodiki tövsiyələrin müəllifidir.
R.Quliyev Podlaziya Opera və Filarmonik orkestri, Koşalin və Lublin şəhərlərinin Filarmonik orkestrləri (Polşa), “Lamürö” orkestri (Fransa), Vyana Kamera Orkestri, Vyana “Konsilium”, Türkiyə Milli Musiqi Alətləri orkestri (Ankara), Kiyev Dövlət Opera Teatrı, Rusiya Dövlət Akademik rus xalq çalğı alətləri və estrada simfonik orkestrləri, N.Osipov adına Rusiya Dövlət Akademik Milli Orkestri, İran İslam Respublikasının Dövlət Milli orkestri, İsveçrənin “La strimpellata” orkestri, Moldova Dövlət Filarmonik və Dövlət Teleradio Simfonik orkestrləri, Belarus Dövlət Akademik simfonik orkestri, Novosibirsk və Kalininqrad şəhərlərinin filarmonik orkestrləri, Özbəkistan Dövlət simfonik orkestri, Azərbaycan Dövlət simfonik və kamera orkestrləri və digər kollektivlərlə konsertlər vermişdir.
Türkiyənin İzmir şəhərinin ''Ege Universitetində (1994), İsrailin Yerusəlim şəhərində (1997) və İranda, Tehran Dövlət Mədəniyyət və İncəsənət Universitetində (2002) ustad dərsləri vermiş, geniş konsert proqramı ilə çixişlar etmişdir.
2007-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ramiz Quliyev musiqi sənətinin inkişafındakı xidmətlərinə görə ölkənin ən yüksək mükafatı “Şöhrət Ordeni” və 2014-ci ilin may ayında isə Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif olunmuşdur.