Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, komitə sədri Kərəm Həsənov komitə də, ölkədə həyata keçirilən iqtisadi islahatlar fonunda öz fəaliyyət istiqamətləri üzrə gördüyü işlərlə aparılan islahatlara öz töhfəsini verib. Qeyd edilib ki, cari ilin ilk rübündə dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı monitorinqlər aparılıb, 294 monitorinq aktı təhlil edilib. Dövlət müəssisələri və səhmdar cəmiyyətlərdən dövlət əmlakının səmərəli istifadəsinə dair 5000-ə yaxın illik xüsusi hesabat forması alınıb ki, bunun 89.7%-i elektron qaydada qəbul olunub. Özəlləşdirilmə prosesində xarici investorların geniş iştirakının təmin olunması məqsədi ilə komitə tərəfindən müxtəlif sahələrdə fəaliyyət göstərən 500-ə yaxın nüfuzlu xarici şirkətə, investisiya bankına, investisiya və pensiya fonduna özəlləşdirmə barədə tanıtım məktubları ünvanlanıb, onlar özəlləşdirmədə iştiraka dəvət olunub. Görülən tədbirlər nəticəsində, 2017-ci ilin I rübündə ümumilikdə 250-yə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi, yarımçıq tikililər və nəqliyyat vasitələri, habelə müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi, səhmdar cəmiyyətləri özəlləşdirilib, 63 qeyri-yaşayış və torpaq sahəsi icarəyə verilib.