Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Vidadi Əzizovun qaldırdığı mülki iddia icraata götürülüb. M.Əsgərovun vəkili Fazil Nəhmətov vəsatət verərək istintaq zamanı pozuntulara yol verildiyini, təqsirləndirilən şəxsin leyhinə olan sübutların məhv edildiyini bildirərək cinayət işinin prokurorluğa qaytarılmasını istəyib. M.Əsgərov bildirib ki, zərərçəkən V.Əzizov özü əvvəlcə ittiham edilərək saxlanılıb, sonra sərbəst buraxılıb: “Mənə də Vidadi Əzizovun ifadəsi əsasında ittiham verilib. İstintaq qərəzli olub, amma onları da başa düşürəm. Çünki MTN işləri ilə bağlı onlara güclü basqı var idi”.
Vəsatət təmin edilməyib.
M.Əsgərovun vəkili Əlimərdan Sadıqov vəsatət verərək V.Əzizov barəsindəki istintaq materiallarının məhkəməyə təqdim edilməsini istəyib: “Vidadi Əzizovun telefonunun dinlənilməsi barədə təqdimatı baş prokurorun müavini Rüstəm Usubovun təqdimatı əsasında Səbail rayon məhkəməsi təmin edib. Vidadi Əzizovun xarici kəşfiyyatla əlaqələri yoxlanılıb, 300 səhifədən çox material toplanılıb”.
V.Qulıiyev deyib ki, həmi sənədlər məxfi olduğu üçün məhkəmədə araşdırıla bilməz. Vəsatət baxılmamış saxlanılıb.
Bundan sonra dövlət ittihamçısı ittiham aktını elan edib, M.Əsgərov özünü təqsirli bilməyib.
O ifadə verərək deyib ki, 2012-ci ilin fevralında Vidadi adlı şəxsin xarici ölkə vətəndaşları ilə danışaraq casusluq etməsi barədə məlumat daxil olub: “O, həmin şəxslərlə hərbi texnika və digər məsələlər haqda danışırdı. Həmin il də ölkəmizdə böyük beynəlxalq tədbir keçiriləcəkdi. Bu tədbirin pozulması üçün maraqlı ölkələr var idi. Biz də əks tədbir görülməsi üçün əməliyyat keçirdik. Həmin vaxtda da məlum Quba və İsmayıllı hadisələri olmuşdu. Vidadi Əzizovun Moskvada olan bir nəfərlə telefon danışığında müəyyən etdik ki, bu hadisələrin miqyasını ölkədə genişləndirmək, Bakı və Bakıətrafı rayonlarda da törədilməsi üçün külli miqdarda pul göndəriləcək. Bu haqda MTN rəhbərliyinə məlumat verdik, Vidadi Əzizov tam nəzarətdə saxlanıldı. Bu əməliyyatlara MTN-in 4 strukturu nəzarət edirdi. Mənim burada hər hansı səlahiyyətli şəxs olmağım mümkün deyildi. Çünki 4 strukturun keçirdiyi əməliyyata ya MTN rəhbəri, ya da onun müavinlərindən biri nəzarət edirdi.
Əməliyyat tədbirləri ilə müəyyən etdik ki, "Zaminbank"dan Vidadi Əzizov 9447 manat pul çıxaracaq. Həmçinin məlum oldu ki, orada ona qarşı quldurluq olacaq. Bu quldurluğun qarşısını almaq üçün Vidadi Əzizovun həbs olunmasını qərara aldıq. Mən və işçim Rəşad Əhmədov bankın Nərimanov filialının qarşısına gedən zaman bizə "geri çəkil, əməliyyatı xüsusi təyinatlılar keçirəcək" komandası verildi. Mən bunun səbəbini öyrənmək üçün idarə rəisi Aydın Manafovla əlaqə saxladım. O da xüsusi təyinatlıların əməliyyat keçirdiyini təsdiqlədi. Biz filialın qarşısında olanda onlar artıq əməliyyatı keçirmişdi, Vidadi Əzizovu həbs eləmişdilər. Əzizovun həyat yoldaşı da orada olub. Həyat yoldaşını MTN-ə aparmaq üçün maşın olmadığından idarə rəisi ilə əlaqə saxladım, bildirdim ki, qadının izahatını almışıq, kimliyini müəyyən etmişik, lazım olsa, MTN-ə dəvət edib dindirə bilərik. İdarə rəisi razılaşdı, bundan sonra qadın sərbəst buraxıldı. Vidadi Əzizov xüsusi təyinatlıların müşayiəti ilə MTN-ə gətirildi. MTN-də xüsusi təyinatlıların əlində olan sellofan torba Aydın Manafovun otağına qoyuldu. Vidadi Əzizov isə mənim xidməti otağımda sorğu-sual edildi. Sorğu-sualdan sonra Aydın Manafov mənə dedi ki, MTN rəhbərinin göstərişi var, Vidadi Əzizovun sərbəst buraxılması üçün sənədləri hazırlayım. Sellofan torbanı da mənə verdi ki, Vidadi Əzizovun özünə qaytarım. Mən həmin vaxt torbaya baxmamışam, içində də nə olduğunu bilməmişəm”.
M.Əsgərov qeyd edib ki, V.Əzizovun bir beynəlxalq şəbəkəyə qoşulub, 550 milyonluq sənədə imza atdığı barədə məlumat daxil olub: “Həmin vəsait Moskvadan keçirilib, İrana aparılmalıydı. Həmin dövrdə İran blokada vəziyyətində idi. Bu vəsait İranda müəyyən adamlara lazım idi. Bu işin icraçılarından bir nəfər İranda həbs olunaraq edam edilib, bir nəfər isə Türkiyə vətəndaşı Amerikada həbs olunub. Bu məsələləri mən qapalı məhkəmədə geniş danışacam. Vidadi Əzizovun sahibkarlıq fəaliyyətilə məşğul olmasını təsdiqləyən heç bir sübut yoxdur. Ondan hədə-qorxu yolu ilə 40 min manat almağım haqda ittihamda yazılanlar yalandır”.
Məhkəmə prosesi aprelin 28-də davam etdiriləcək.