Respublikanın daxili işlər orqanları tərəfindən ölkə ərazisində ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan orqanizminə ciddi zərər vuran, yararsız və istifadə müddəti bitmiş qida məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) paytaxt ərazisində istifadə müddəti bitmiş kolbasa və sosiska məmulatlarının satışının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Nicat Babaşi və Vüqar Səlimov yararlıq müddəti bitmiş kolbasa və sosiska məhsullarını satarkən saxlanılıblar. Binəqədi rayonu ərazisində həmin şəxslərə məxsus anbara baxış zamanı külli miqdarda istifadə müddəti bitmiş və satılması nəzərdə tutulan müxtəlif çeşidli kolbasa, sosiska aşkar olunaraq götürülüb.
Aşkar edilən ərzaq məhsulları Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilib. Ekspertiza tərəfindən müəyyən edilib ki, satılan kolbasa və sosiska məmulatları isitifadəyə tam yararsızdır, eləcə də insan sağlamlığına təhlükə yarada bilər.
Toplanmış materiala hüquqi qiymət verilməsi üçün Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar aparılır.