Bakı Metropoliteninin "28 May", "20 Yanvar", "Neftçilər" kimi stansiyalarında aparılan tədqiqatlar zamanı bəzi qatarların çıxardığı səs-küyün normadan artıq olduğu müəyyənləşib. AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev "Report"a bildirib ki, tədqiqat zamanı sovet dövründən qalma bəzi köhnə qatarların çıxardığı səs-küyün 70-80 desibeldən (DB) artıq olduğu məlum olub.
Onun sözlərinə görə, bu hal xüsusilə qatarlar stansiyaya yaxınlaşanda qeydə alınıb: "Sovet dövründən qalan bəzi qatarlar stansiyaya yaxınlaşanda, hərəkət edəndə, siqnal verəndə çıxan səslər 70-80 DB arası olur. Səhiyyə Nazirliyi isə 56-60 desibeldən yuxarı səsi insan sağlamlığı üçün təhlükəli hesab edir".
Ə.Əliyev deyib ki, qatarların yenilənməsi, səs-küyü az olanlarla əvəzlənməsi, həddindən artıq sürət, yüksək siqnal kimi amillərə son qoyulması ilə problemi həll etmək mümkündür.