"Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı bildirib ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir. Prezident İlham Əliyev qeyd edib ki, bu gün orda yeni qəsəbələr salınır və ilkin mərhələdə 50 ev tikilib, yeni yolun salınıb, məscid inşa olunur. Dövlət başçısı sonrakı mərhələdə daha 150 evin tikintisinin nəzərdə tutulduğunu söyləyib.
Prezident vurğulayıb ki, bu bir daha Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, öz ərazilərini bərpa etdikdən sonra bütün şəhər və kəndləri yenidnə quracağını nümayiş etdirir: "Bununla yanaşı, bu bir daha göstərir ki, 20 ildən çoxdur öz doğma yurdlarından didərgin düşmüş insanlar vətənlərinə qayıtmaq arzusu ilə yaşayırlar".