“Bankir adaxlı” növbəti dəfə Musiqili Teatrda nümayiş olunacaq

13:40 - 10 Aprel 2017 - Mədəniyyət

Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” iki hissəli musiqili komediyası növbəti dəfə nümayiş olunacaq. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, tamaşanın nümayişi 16 aprel tarixində saat 19.00-da baş tutacaq. Komik situasiyalarla zəngin və dinamik süjet xəttinə malik olan səhnə əsəri hər nümayiş zamanı tamaşaçıların böyük marağına səbəb olur və Musiqili Teatrın ən çox tələb olunan tamaşaları sırasındadır. 
Qeyd edək ki, tamaşada rolları Azərbaycan Respublikasının Xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Məhərrəm Qurbanov, Gülcahan Salamova, Gültac Əlili, Əliməmməd Novruzov, Gülnarə Abdullayeva, Hüseyn Əlili, Gülçöhrə Abdullayeva, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Fərid Rzayev və Rəşad Məmmədov ifa edirlər. 
Tamaşanın quruluşçu rejissoru Faiq Zöhrabov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, dirijoru Əməkdar incəsənt xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Elməddin Dadaşovdur. 
Azərbaycan Dövlət Musiqili Teatrı həftəni xoş ovqatla yekunlaşdırmaq istəyən hər kəsi bu maraqlı səhnə əsərini izləməyə dəvət edir. Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

 

Xəbər xətti