Yusif Səfərov küçəsi tam istifadəyə verilib – FOTO+VİDEO

11:42 - 10 Aprel 2017 - İQTİSADİYYAT

Bakının Xətai rayonundakı Yusif Səfərov küçəsinin Heydər Əliyev prospektindən Afiyəddin Cəlilov küçəsi istiqamətinə olan hissəsi də təmir edilərək sürücülərin istifadəsinə verilib. "Azəravtoyol" ASC-dən Ucnoqta.az-a verilən məlumata görə, bununla da 1,25 km uzunluğunda olan Yusif Səfərov küçəsi hər iki istiqamət üzrə tam olaraq yenidən qurulub. "Küçə boyu aparılan yenidənqurma çərçivəsində genişləndirmə işləri aparılıb. Mövcud yol ayrıcının eninin kiçildilməsi nəticəsində yol 5 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilib. Yol ayrıcının 2 min kv. m sahəsinə tamet daşlar döşənib, yaşıllaşdırma və abadlıq işləri aparılıb, kənarına isə 2 500 poqon metr yeni səki daşı düzülüb. Bundan başqa, küçənin köhnə asfalt-beton örtüyün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtük döşənib. Asfaltlanma işləri təqribən 60 min kv.m sahəni əhatə edib. Asfaltlanma işləri bitdikdən sonra yolcizgi və yolgöstərici xətlər çəkilib, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Bundan başqa, küçə boyu ümumi istifadədə olan avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə yolun sağ hissəsində xüsusi hərəkət zolağı ayrılaraq müvafiq nişanlama xətləri və nişanlarla təmin edilib", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, bir müddət bundan öncə Yusif Səfərov küçəsinin 28 May küçəsi ilə kəsişməsindən Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində hər iki istiqamət üzrə yenidənqurma işləri aparılaraq yekunlaşdırılıb.

"Belə ki, yenidənqurma işləri çərçivəsində küçənin sözügedən hissəsində yol ayrıcında söküntü işləri aparılıb. Həmin hissədə yol hər iki istiqamət üzrə 3 hərəkət zolağından 5-6 hərəkət zolağına qədər genişləndirilib. Bundan əlavə, Afiyəddin Cəlilov küçəsi ilə kəsişmədə olan geri dönmə hissə ləğv edilib. Bunun əvəzinə 28 May küçəsi ilə kəsişməyə yaxın ərazidə yeni geri dönmə hissə yaradılıb. Təbii ki, Yusif Səfərov küçəsinin yenidən qurulması sözügedən ərazidə sıxlığın azalmasına, şəhər mərkəzinə doğru və əksinə bu istiqamətdən giriş-çıxışının rahatlaşmasına gətirib çıxarıb", - deyə məlumatda bildirilib.

Namiq

 


Xəbər xətti