Mətbuat Şurasında bir qrup türkiyəli jurnalistlə görüş keçirilib

14:55 - 17 Mart 2017 - MEDİA

Mətbuat Şurası ilə Türkiyənin media qurumlarının təmsilçilərinin Əməkdaşlıq Memorandumu imzalanıb

Bu gün Azərbaycan Mətbuat Şurasında ölkəmizdə səfərdə olan bir qrup türkiyəli jurnalistlə görüş keçirilib. Qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycan və Türkiyə arasında formalaşmış qardaşlıq və dostluq münasibətləri qədim tarixi köklərə malikdir. Hər iki ölkənin mediası bu münasibətlərin daha da dərinləşməsində müstəsna rol oynamaqla yanaşı, ümumilikdə türk dünyasının konsolidasiyası ilə bağlı proseslərə də mühüm töhfə verməkdədir. 
İndiyədək Türkiyə və Azərbaycan jurnalistlərinin iştirakı ilə çoxsaylı toplantıların təşkil edildiyini diqqətə çatdıran Ə.Amaşov həmçinin vurğulayıb ki, qarşılıqlı media əməkdaşlığında mühüm həlqəni ortaq həqiqətlərimizin təbliği təşkil edir. «Biz eyni zamanda beynəlxalq miqyasda söz və ifadə azadlığı ilə bağlı məsələlərə də həssas yanaşmalıyıq. Çünki çox zaman bu istiqamətdə sui-istifadələrin şahidi oluruq. Türkiyə və Azərbaycana qarşı heç də birmənalı münasibət yoxdur. Hollandiyanın yol verdiyi qeyri-etik hərəkət, üstəlik ölkədə türklərə qarşı həyata keçirilmiş zorakılıq aktları bunu bir daha təsdiqlədi. Düşünürəm ki, media orqanlarımız bu reallıqdan çıxış etməlidirlər», - deyən Ə.Amaşov onu da əlavə edib ki, Azərbaycan Mətbuat Şurası ümumən İran, Rusiya və Gürcüstan daxil olmaqla ümumilikdə bölgə jurnalistlərinin görüşünü təşkil etməyi planlaşdırır. Bu görüşün reallışmasında Türkiyə mediası ilə qarşılıqlı təşəbbüskarlıq mühüm əhəmiyyət daşıyacaqdır. 
Türkiyəli media təmsilçilərinin ölkəmizə səfərinin təşəbbüskarı olan Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, Türkiyə və Azərbaycan arasındakı çoxtərəfli əməkdaşlıq örnək səciyyə daşıyır və bu, media müstəvisində həyata keçirilən tədbirlərlə, yeni birgə fəaliyyət mexanizmləri ilə də zənginləşməlidir. Bu baxımdan o, türkiyəli jurnalistlərin Azərbaycana səfərinin məhsuldar olacağına inandığını deyib. 
Antalya Gazeteciler Cemiyeti ve Akdeniz Gazeteciler Federasyonu Başkanı Mevlüt Yeni çıxışında bildirib ki, ümumən türk toplumuna qarşı beynəlxalq miqyasda ayrıseçkilik siyasəti hökm sürür. Media bu sayaq xoşagəlməz fəaliyyətə qarşı tutarlı alternativ ortaya qoymalıdır. Bu baxımdan Azərbaycan və Türkiyənin media qurumlarının reallaşdırmalı olduqları birgə təşəbbüslər kifayət qədərdir. Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlığın da belə bir vacib vəzifənin icrasına köklənəcəyindən əminliyini ifadə edən türkiyəli qonaq ölkəmizə səfərdən məmnunluğunu bildirib.
Bundan sonra Azərbaycan Mətbuat Şurası ilə Türkiyəli media nümayəndələri arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memoranduma ölkəmizdən MŞ sədri Ə.Amaşov Türkiyə tərəfdən isə Antalya Gazeteciler Cemiyeti ve Akdeniz Gazeteciler Federasyonu Başkanı, Türkiye Gazeteciler Konfederasyonu Genel Başkan Yardımcısı Mevlüt Yeni, Burdur Gazeteciler Cemiyeti Başkanı Kürşat Tuncel, Yenigün-Akdeniz Gazeteciler Federasyonu Genel Başkan Yardımcısı, Akdeniz Gazete Sahipleri Derneği Başkanı Ahmet Duran Yenigün, Akdeniz Gazeteciler Federasyonu Yönetim Kurulu üyesi Ali Buldu, Antalya Gazeteciler Cemiyeti Başkan Yardımcısı İdris Taş, Akdeniz Gazeteciler Federasyonu Genel Başkan Yardımcısı, Osmaniye Gazeteciler Cemiyeti Başkanı Ali Cihangir, Antalya Gazeteciler Cemiyeti Başkan Yardımcısı Mustafa Taş imza atıbıar. Tərəflər Memorandumu imzalamaqla təmsil olunduqları media quruluşlarının fəaliyyət dairəsi və imkanları çərçivəsində dünyada, eləcə də regionda söz və ifadə azadlığı müstəvisində meydana çıxan tendensiyaları izləməyi, bu xüsusda nəzərə çarpan neqativ meyllərə qarşı birgə və ayrılıqda reaksiya verməyi, Azərbaycan və Türkiyənin ortaq dəyərlərinin, həqiqətlərinin təbliği istiqamətində iş aparmağı, türk dünyasındakı media qurumlarının bir-biri ilə daha sıx şəkildə əlaqələr qurmasına, hər iki ölkə jurnalistlərinin iştirak edəcəkləri birgə simpoziumların, konfransların, «dəyirmi masa»ların təşkilinə dəstək göstərməyi, qarşılıqlı informasiya mübadiləsi prosesini daha da gücləndirməyi üzərilərinə götürüblər.
Görüşdə çıxış edən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, Azərbaycan və Türkiyənin media təmsilçilərinin xüsusən də söz və ifadə azadlığı, insan hüquqları mövzusunda beynəlxalq miqyasda nüfuza malik təşkilatların düzənlədikləri toplantılarda daha aktiv olmaları vacibdir. Çünki çox zaman məhz həmin təşkilatların xətti ilə yanlış ictimai rəy formalaşır. Bunun qarşısını almaq üçün birgə müzakirələrin təşkili olduqca önəmlidir. 
MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl deyib ki, böyük coğrafi arealı əhatə edən türk dünyası xalqlarının bir-birinə daha sıx şəkildə inteqrasiyası eyni zamanda strateji əhəmiyyət daşıyan məsələdir. Bu prosesdə Azərbaycan və Türkiyənin rolu yüksəkdirsə, bu ölkələrin media orqanlarının fəaliyyəti də daha zəruridir. 
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, xatirə hədiyyələri təqdim olunub. 


Xəbər xətti