“Azərbaycan hazırda yüksək gəlirli, inkişaf etməkdə olan dövlətlər sırasındadır və biz bunu qoruyub saxlayırıq”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, bu, belə çətin iqtisadi durumda, maliyyə böhranının davam etdiyi şəraitdə əldə olunan əsas nəticələrdən biridir: “Ailələrin gəlirlərindəki əsas yük dövlət tərəfindən təmin edilən sosial ödəmələrə deyil, ailənin əmək qabiliyyətli üzvlərinin işləyərək əldə etdiyi qazanca düşür”. Nazir qeyd edib ki, ölkədə öznəməşğulluq proqramının geniş çapda həyata keçirilməsinə start verilib: “Belə bir şaraitdə Dövlət Məşğulluq Xidməti orqanlarının üzərinə də mühüm iş düşür. Sosial məsuliyyət prinsipi əsasında hazırda dövlət şirkətlərində, icra hakimiyyəti orqanlarında yeni iş yerlərinin açılması və insanların bu işlərə cəlb olunması prosesi davam edir. Bu ilin iki ayı ərzində 40 minə yaxın insan işlə təmin edilib. Bütün bunlar ölkədə yoxsulluğun səviyyəsinin azalmasına imkan verib. Nəticədə yenə ölkədə işsizliyin səviyyəsi 5-6 faiz arasında olmasına nail olmuşuq”.