Hökməlidə qaz partlayışında ailəsini itirən qız evə buraxıldı

16:01 - 28 Noyabr 2016 - HADİSƏ

Bu il oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayış evində baş vermiş partlayış nəticəsində xəsarət alan, 4 nəfərlik ailənin sağ qalan yeganə üzvü Leyla Qurbanlı xəstəxanadan evə buraxılıb. Bu barədə Trend-ə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Plastik və Konstruktiv Cərrahiyyə Klinikasının şöbə müdiri Şöhrət Məmmədov məlumat verib.

Şöbə müdiri bildirib ki, L.Qurbanlının səhhəti tam normallaşıb və o, evə yazılıb: "Vəziyyəti tam normaldır. Müayinə edildi və evə yazıldı. Tam sərbəst hərəkət edir və səhhətindən heç bir şikayəti yoxdur. Hazırda onun ambulator müayinəsi davam edir".

Xatırladaq ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsində "Azəravtoyol" ASC-nin məsul əməkdaşı Müşfiq Qurbanovun evində qaz sızmasından partlayış baş vermişdi. Hadisə nəticəsində ağır yanıq xəsarətləri alan ev sahibi 44 yaşlı M.Qurbanov, onun həyat yoldaşı 44 yaşlı Ş.Novruzova və övladları - 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilmiş, 3 yaşlı Banuçiçək Qurbanlı isə dünyasını dəyişmişdi. Hadisədən bir neçə gün sonra M.Qurbanov və xanımı Ş.Novruzova da Türkiyədəki klinikalardan birində dünyasını dəyişmişdi. Ailənin sağ qalan yeganə üzvü L.Qurbanlının isə müalicəsi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Plastik və Konstruktiv Cərrahiyyə Klinikasının Yanıq şöbəsində davam etdirilirdi.

Xəbər xətti