IV Bakı Beynəlxalq Teatr Konfransı ASSİTEJ prezidentlərinin görüşü ilə də yadda qaldı...
Bildiyiniz kimi cari ilin noyabr ayının 7-8 tarixlərində Bakıda “Teatr və multikulturalizm” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçirilib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə həyata keçirilən konfransda dünyanın 40-a yaxın ölkəsindən təqribən 150 teatr xadimi – teatr tənqidçiləri, aktyorlar, rejissorlar, rəssamlar, Beynəlxalq teatr qurumlarının prezidentləri - iştirak ediblər. Maraqlı çıxışlar, plenar iclaslar və treninqlərin keçirildiyi konfrans çərçivəsində bir sıra görüşlər də baş tutub ki, həmin görüşlərdən biri Dövlət Gənc Tamaşaçılar Teatrında həyata keçirilib.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, belə ki, Beynəlxalq ASSİTEJ-ə üzv olan Gənc Tamaşaçılar Teatrı konfransda iştirak edən 8 Beynəlxalq ASSİTEJ Milli Mərkəz prezidentləri və nümayəndələri ilə birgə görüş keçirib.
Əvvəlcə görüş iştirakçıları teatrın böyük və kiçik tamaşaçı zalı, foyeləri ilə yaxından tanış olublar. Daha sonra dəyirmi masa arxasında müzakirələr davam etdirilib. ASSİTEJ-Azərbacan Milli Mərkəzinin baş katibi, teatrın və ASSİTEJ-in mətbuat xidmətinin rəhbərinin Hüsniyyə Mursaquliyeva, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin üzvü, Əməkdar Artist Nicat Kazımov Milli Mərkəz haqqında, eləcə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı haqqında ətraflı məlumat verərək, ölkəmizin artıq dördüncü dəfə ev sahibliyi etdiyi Bakı Beynəlxalq Teatr Konfransının əhəmiyyəti barədə də söhbət etmişlər.
ASSİTEJ-Gürcüstan Milli Mərkəzinin prezidenti Sofi Dekanozişvili, ASSİTEJ- Xorvatiya Milli Mərkəzinin prezindeti Leo Vukeliç, Hindistan Kukla Teatrının direktoru, rejissor Mina Naik, ASSİTEJ- İran Milli Mərkəzinin nümayəndələri, məşhur teatr tənqidçiləri Əli Xoşqoftar, Fatemeh Fəridan, Habibə Meşkanlu, Sayid Kazemian, Simin Amirianin, Türkiyə Dövlət Teatrları sənətçisi, rejissor Ülviyyə Karaca, eləcə də ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin üzvlərinin iştirak etdiyi iclasda gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan bir sıra məsələlərə toxunulub.