Son günlər yağan yağışlar İsmayıllı rayonunda sürüşmə sahələrini aktivləşdirib. Publika.az xəbər verir ki, bu gün Diyallı və Sədyan kəndlərinin kəsişməsində sürüşmə sahəsi aktivləşib. Sürüşmə sahəsi yaşayış məntəqəsinə yaxın olduğuna görə sakinlərin həyatı üçün təhlükəli vəziyyət yaranıb. İsmayıllı Rayon İcra hakimiyyətinin birinci müavini, Fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev Publika.az-a bildirib ki, bu gün Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirilib: “Hazırda kənddə sürüşmə aktiv fazadadır. 4 evin təhlükəsiz əraziyə köçürülməsi barədə rəy verilib. Düzdür, hazırda evlərə heç bir ziyan dəyməyib. Lakin sürüşmənin aktiv fazada olması nəzərə alınaraq sakinlərin müvəqqəti olaraq təhlükəsiz əraziyə köçürülməsinə qərar verilib”.
R.Ağayev bir neçə gün əvvəl rayonun İstisu kəndində baş vermiş sürüşmənin davam etdiyini, lakin sakinlərin həyatı üçün təhlükəli vəziyyət olmadığını vurğulayıb: “Bu gün həmin əraziyə baxış keçirilib. Hələ ki, sürüşmə yaşayış məntəqələri və təsərrüfata ziyan vurmayıb. Sürüşmə bu səviyyədə davam etsə, əhali üçün təhlükəli hesab edilmir.Təbii sürüşmənin aktivliyi yağıntılardan asılıdır”.