Bu gün Azərbaycanda ət və ət məhsullarının ixrac həcmi çox azdır. Lakin hazırda xarici bazarlara rəqabətədavamlı və keyfiyyətli məhsul çıxarmaq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycanın bu sahəyə dair standartlarına yenidən baxıb, təsdiq etməlidir. Bunu "Report"a açıqlamasında "Azərbaycan ət və ət məhsulları istehsalçıları" İctimai Birliyinin sədri Fuad Qulubəyov bildirib. "Çünki bu gün köhnə standartlarla xaricə bazara məhsul çıxarmaq mümkün deyil. Belə ki, hazırkı standartlara görə, məhsulun saxlama müddəti çox azdır. Amma məhsulu xarici bazara aparmaq, təqdim etmək və nəhayət satmaq üçün müəyyən vaxt lazımdır. Misal üçün, Azərbaycanda kolbasa məmulatlarının istehsalı ilə məşğul olan şirkətlərin malik olduqları müəssisələr ən müasir texnoloji avdanlıqlarla təchiz olunub. Bu cür fabrik və zavodlarda istehsal tarixi uzun müddətə hesablanmış məhsullar istehsal ermək mümkündür. Odur ki, müvafiq prosesin həyata keçirilməsi üçün mövcud standartlar yenidən nəzərdən keçirilməlidir. Hazırkı 3 və ya 5 gün istifadə müddəti göstərilmiş məhsulların xarici bazarlara çıxarılması isə bu prosesi mümkünsüz edir. Ancaq bundan sonra bizim xarici bazarlara çıxışımız asanlaşa bilər", - deyə F.Qulubəyov qeyd edib.
Yerli ət və ət məhsullarının ixracında yarana biləcək digər bir çətinliyin isə ətin xammal kimi Azərbaycanda yetəri qədər olub-olmaması məsələsini vurğulayan F.Qulubəyov həll yolunu da birgə araşdırmaq lazım olduğunu hesab edir: "Biz ölkədə ətin xammal kimi artırılması yollarıını düşünməliyik. İndiyədək Azərbaycanda kolbasa istehsalında xaricdən gətirilən ətdən istifadə edilir. Lakin manatın məzənnəsinin iki dəfə zəifləməsi isə artıq xaricdən gətirilən ətin qiymətini bahalaşdırıb. Vəziyyətin bundan sonra necə olacağını isə zaman göstərəcək".
İctimai Birliyin sədri hesab edir ki, Azərbaycanın ət və ət məhsullarının ixracında aparıcı ölkələrdən birinə çevrilməsi üçün kifayət qədər potensialı var. Onun fikrincə, indi ölkədə istehsal edilən kolbasa məhsulları MDB ölkələrindəki analoqlarından heç də geri qalmır.
Qeyd edək ki, "Azərbaycan ət və ət məhsulları istehsalçıları" İctimai Birliyi əhaliyə müraciət edərək küçələrdən ət və ət məhsulları almamağı da təkidlə tövsiyə edib.