"Azərbaycan müstəqillik əldə edən zaman ölkə çətin vəziyyətdə idi. Lakin ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkə həqiqətən xilas oldu". Bunu Prezident Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov "Qlobal və regional arenada Azərbaycanın rolu: reallıqlar və perspektivlər" mövzusunda konfransda çıxış edərkən deyib. O, Azərbaycanın sosial-iqtisadi həyatındakı inkişafın bu gün göz önündə olduğunu qeyd edib. N.Məmmədovun sözlərinə görə, ölkənin ÜDM-i artıb, işsizlik azalıb: "Böhrana baxmayaraq, bu gün Cənubi Qafqazın ÜDM-inin 75%-i Azərbaycanın payına düşür. Azərbaycan müxtəlif kredit agentliklərindəki reytinqi yüksəkdir. Ölkə neft kapitalını insan kapitalına çevirmək üçün də addımlar həyata keçirir".
Ardından N.Məmmədov Azərbaycanın müstəqillik illərində qazandığı uğurları sayaraq, kosmosa Azərbaycanın ilk peykinin buraxılmasını, eləcə də ölkənin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi seçilməsini, ölkənin Avropa Şurası Nazirlər Komitəsində (AŞNK) sədrliyini, Azərbaycanın Qoşulmama Hərəkatına daxil olmasını vurğulayıb.
O, həmçinin Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə kimi Azərbaycan iştirak etdiyi regional birliklərin regional və qlobal əməkdaşlığın inkişafına töhfə verdiyi bildirib. Prezident Administrasiyasının rəhbərinin müavini eyni zamanda Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi Avropa ölkələri ilə münasibətlərin inkişafına da böyük önəm verdiyini qeyd edib.
Çıxışı zamanı N.Məmmədov Şərqlə Qərbi birləşdirən regional energetika və nəqliyyat layihələrinin vacibliyini vurğulayıb.
O, həmçinin Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqa həsr olunmuş tədbirlərin, eləcə də Bakıda mötəbər idman yarışlarının keçirildiyini xatırladıb.