Qüdsdə İsrailin sabiq prezidenti Şimon Pereslə vida mərasimi keçirilir

11:36 - 29 Sentyabr 2016 - DÜNYA

Qüdsdə İsrailin sabiq prezidenti Şimon Pereslə vida mərasimi keçirilir. "Report" İsrail KİV-inə istinadən xəbər verir ki, sentyabrın 28-də 93 yaşında vəfat edən mərhum dövlət başçısının tabutu İsrail ordusunun 6 generalının müşayiəti ilə açıq hərbi avtomobillə parlamentin binasına gətirilib. İsrail prezidenti Reuven Rivlin, baş nazir Binyamin Netaniyahu, parlamentin sədri Yuli Edelşteyn, parlamentdəki müxalifətin başçısı İtshak Gertsoq 9-cu prezidentin tabutunun önünə gül dəstəsi və əklil qoyublar. Xəbərdə bildirilib ki, vida mərasiminin təhlükəsizliyinin təmin edilməsinə 7 min polis, hərbçi, sərhədçi, təhlükəsizlik xidmətinin əməkdaşı və ölkənin başqa güc strukturlarının əməkdaşları cəlb olunub. Təhlükəsizlik əməliyyatının adı Şemon Peresin kitablarından birindən götürülüb və "Sabah artıq bu gündür" adlanır.

Qeyd edək ki, Ş.Peres sentyabrın 30-da dəfn ediləcək.


Xəbər xətti