Konqo Demokrat Respublikasında polislə etiraz yürüşü iştirakçıları arasında baş verən toqquşma nəticəsində yüzə yaxın aksiyaçı öldürülüb.
BBC xəbər verir ki, ölkə paytaxtı Kinşase və başqa şəhərlərdə 3 gündür etiraz aksiyası keçirilir.
Yürüşçülər dövlət başçısı Jozef Kabilanın növbəti prezident seçkisinin tarixini təyin etmək istəməməsinə etiraz edirlər.
Müxalifət prezdentin bütün vasitələrlə hakimiyyəti əlində saxlamağa cəhd etdiyini bildirir. J.Kabilanın səlahiyyət müddəti bu ilin sonunda bitir.
Məlumata görə, ölkənin Daxili İşlər Nazirliyi aksiya nəticəsində üç polis əməkdaşının öldürüldüyünü açıqlayıb. Hakimiyyət müxalifəti qan tökməkdə və iğtişaş yaratmaqda ittiham edib.
Konqonun daxili işlər naziri Evariste Boşab bildirib ki, müxalifət ölkədə çevriliş etmək istəyir.
ABŞ və Fransa isə Konqo hakimiyyətini prezident seçkisinin taxini qısa müddətə təyin etməyə çağırıb.
Qeyd edək ki, Jozef Kabila 2001-ci ildə ölkənin keçmiş prezidenti, atası Loran Kabila vəfat etdikdən sonra onu əvəzləyib və dövlət başçısı postuna oturub.