Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva beynəlxalq tibb elmi sahəsindəki xidmətlərinə və İsrail ilə Azərbaycan arasında səhiyyə əlaqələrinin inkişafına töhfələrinə görə İsrail Tibb Akademiyasının fəxri doktoru diplomuna layiq görülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 7-də Azərbaycanın Milli Onkologiya Mərkəzində İsrailin Hayfa şəhərindəki “Xorev” Tibb Mərkəzinin baş həkimi Roman Barakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə məlumat verilib.
Qonaqları salamlayan Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Azərbaycanda onkologiya sahəsində dövlət başçısının rəhbərliyi altında mühüm nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb, onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verib.
Xüsusilə, Milli Onkologiya Mərkəzində Uşaq Klinikasının yaradılmasında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müstəsna xidmətləri vurğulanıb.
Görüşdə iştirak edən Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov İsraillə bütün sahələrdə mövcud olan əməkdaşlıqdan danışaraq bu əlaqələrin daha da genişləndiriməsinin vacibliyini diqqətə çatdırıb.
Qeyd olunub ki, Heydər Əliyev Fonduna ötən müddət ərzində bölgələrdən sağlamlığa dair müxtəlif problemlərin, o cümlədən qadınlarda reproduktiv sistem xəstəliklərinin müayinə və müalicəsinə kömək göstərilməsi ilə bağlı müraciətlər daxil olub. Onların təhlili nəticəsində bu layihənin həyata keçirilməsinə qərar verilib.
A.Şərifov israilli həkimlərin respublikamızda gördükləri işləri yüksək qiymətləndirib və ağır xəstələrin müalicəsi üçün tibb ocaqlarına avadanlıqlar hədiyyə etdiklərinə görə onlara minnətdarlığını bildirib. Qeyd edib ki, əsas məqsəd Heydər Əliyev Fondunun dəstəyi ilə bu layihəni daha da təkmilləşdirməkdir.
Görüşdə Milli Onkologiya Mərkəzi adından Roman Baraka xatirə hədiyyəsi verilib.
Sonra Roman Barak Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın beynəlxalq tibb elmi sahəsindəki xidmətlərinə və İsrail ilə Azərbaycan arasında səhiyyə əlaqələrinin inkişafına töhfələrinə görə İsrail Tibb Akademiyasının fəxri doktoru diplomuna layiq görüldüyünü bildirib.
Fəxri doktor diplomu ünvanına çatdırılması üçün Baş nazirin müavini Abid Şərifova təqdim edilib.