Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Rənglər, duyğular, düşüncələr” adlı gənclərin rəsm sərgisi keçirilib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Gənc Tamaşaçılar Teatrı və Dövlət Rəsm Qalereyasının birgə layihəsi çərçivəsində həyata keçirilmiş sərgini giriş sözü ilə teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov açıb. M.Həmidov sərgi haqqında məlumat verərək əsas məqsədin teatrın gənc və potensiallı rəssamlarının istedadlarının üzə çıxarılması olduğunu bildirib və təqdim olunan əl işləri barədə danışıb. Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev çıxışında gənc və istedadlı rəssamlara yeni yaradıcılıq uğurları arzu edib.
Sərgidə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı rəssamları – Elşən Sərxanoğlu, Elnur Babayev, Telman Şıxıyev, Şahin Hüseynli, Yekaterina Bıçkova ilə yanaşı Rəsm Qalereyasından - Fidan Zeynalova, Ilahə Əliyeva, Zümrüd Ramazanova, Fərhad İsmayılov, Asif Cabbarov, Həsənağa Ağayev, Vasif Ağayev, Əfşan Əsədovanın bir-birindən maraqlı müxtəlif janrları əhatə edən əl işləri təqdim olunub.
Rəssamlarımız - Elşən Sərxanoğlunun “Yeriyən dağlara prilüdiya”, “Sevən qız”, “Məhəbbət”, “Sübh melanxoliyası”, “Dünən, bu gün”, “Peyzaj”, “Yüksəliş və eniş”, “İçərişəhər”, “Bakı gecələri”, Elnur Babayevin “895078 coffee”, “Qaranlıq”, Telman Şıxıyevin “Qız portreti”, “Günel”, “Model”, “Qız qalası”, Şahin Hüseynli “Kirxa”, “Natürmort”, Yekaterina Bıçkovanın “Narlar” əsərləri, eləcə də sərgilənən digər əsərlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Məlumat üçün bildirək ki, əl işləri iyun ayının sonunadək sərgilənəcək.
Sərgidən sonra teatrda “Qohumlar” tamaşasının premyerası göstərilib. Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, RF-nin Əməkdar İncəsənət Xadimi və Azərbaycan Respublikası Fəxri Mədəniyyət İşçisi Boris Manciyevin hazırladığı tamaşa Kalmık dramaturqu Baatr Basanqovun “Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında Vera Şuqrayeva və Əli Əmirli tərəfindən səhnə üçün işlənilib.
Iki ölkə teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən hazırlanacaq yeni səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Kalmık Dövlət Filarmoniyasının baş direktoru Arkadi Mandjiyev, rəqslərin quruluşçu Vüsal Mehrəliyev, rejissoru Elşən Zeynallı, rejissor assisenti Günay Qasımovadır.
Iki hissəli müziklda Əməkdar Artistlər Şövqi Hüseynov, Naibə Allahverdiyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Atabala Səfərov, aktyorlar Mehriban Hüseynova, Könül Əbilova, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Zümrüd Quliyeva, Səbinə Məmmədova, Ramil Məmmədov, Vahid Orucoğlu, Elnur Hüseynov, İlham Əsədov, Zemfira Əbdülsəmədova, Sona Babayeva, Məsumə Babayeva, Məhərrəm Musayev, Rəzzaq Məmmədov, Ələsgər Qurbanəliyev, Bəxtiyar Kərimov, Vüqar Məmmədəliyev, Elnur Əliyev, Elgün Yəhyayev, Bəhram Həsənov, Eşqin Quliyev, Aydın Dəmirov, Ceyhun Məmmədov və Yusif Dadaşov iştirak ediblər.
Dövlət adamları, teatr mütəxəssisləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi premyera hər kəs tərəfindən bəyənilərək sürəkli alqışlarla qarşılanıb.