Bu gün sosial şəbəkələrdə həbsdə olan MTN generallı Akif Çovdarovun Ədliyyə Nazirliyinin Müalicə Mərkəzində intihara cəhd etməsi il bağlı xəbərlər yayılıb.
Lent.az məsələni dəqiqləşdirmək üçün vəkil Kamandar Nəsibovla əlaqə saxlayıb. Vəkil bildirib ki, yayılan məlumat başdan ayağadək yalandır: “ Akif Çovdarov heç müalicə mərkəzində olmayıb. Hal-hazırda Kürdəxanadadır. Bu cür yanlış xəbərlərin yayılmasını anlamırıq”.
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən Lent.az-a verilən məlumata görə, Akif Çovdarov indiyə qədər həmin müəssisəyə gətirməyib.
Qeyd edək ki, A.Çovdarov 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur.
Bundan başqa, onun barəsində Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə də cinayət işi açılıb.
O, ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçilib.