Hantavirus epidemiyasına yoluxmuş MV Hondius kruiz gəmisi Kabo-Verde sularını tərk edib və İspaniyanın bir hissəsi olan Kanar adalarına doğru yola düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse məlumat verib.
Agentliyin məlumatına görə, gəminin üç gün ərzində Tenerife adasındakı Qranadilla limanında lövbər salması planlaşdırılır. Kabo-Verde hakimiyyəti gəminin paytaxt Praia limanına girişinə icazə verməyib və gəmi təxminən üç gün orada lövbər salıb.
Lazımi hazırlıqlardan sonra çərşənbə günü hantavirusa yoluxduğu şübhəsi olan üç nəfər - Birləşmiş Krallıq, Almaniya və Hollandiya vətəndaşları - MV Hondiusdan təxliyə edilib.
Onlar Hollandiya və Kanar adalarına xüsusi tibbi reyslərlə daşınmaq üçün Praia Beynəlxalq Hava Limanına aparılıblar. Onlardan ikisinin vəziyyəti ağırdır.
Ümumdünya Səhiyyə Təşkilatı MV Hondius gəmisində olanlar arasında səkkiz hantavirus hadisəsinin qeydə alındığını açıqlayıb. Onlardan üçü ölüb. Cənubi Afrikanın səhiyyə naziri Aaron Motsoaledi, Cənubi Afrika mütəxəssislərinin ölümlərə səbəb olan hantavirus növünü müəyyən etdiklərini açıqladı. Bu, yaxın təmas yolu ilə insandan insana ötürülən "Andes" ştammıdır.