Səidə Haqverdiyevanın həbsi istənilir

15:27 - 17 Fevral 2026 - Ədəbiyyat

Azərbaycan Dövlət Kukla Teatırının sabiq quruluşçu rejissoru Səidə Haqverdiyeva xüsusi ittiham qaydasında məhkəməyə verilib.

APA xəbər verir ki, iddiaçı kimi aktrisa Nərmin Əhmədova və onun həyat yoldaşı Əfsun Əhmədov çıxış edib.

Onlar Səidə Haqverdiyevanı barəsində xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Yasmal Rayon Məhkəməsinə müracət ediblər. İş məhkəmənin hakimi Orxan Məmmədovun icraatındadır.

Məhkəmə şikayət ərizəsində bir sıra nöqsanlar olduğunu əsas gətirərək onların aradan qaldırılması üçün prosesi bir neçə dəfə təxirə salıb.

Səidə Haqverdiyeva Nərmin Əhmədova və Əfsun Əhmədov barəsində böhtan xarakterli məlumatları sosial şəbəkədə yayaraq şərəf və ləyaqətlərini alçaltmaqda ittiham olunur.

O, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə ittiham edilir.

Əfsun Əhmədov həbsdə olan keçmiş hakim Elsun Əhmədovun qardaşıdır. Elsun Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Elsun Əhmədovla bağlı daha bir cinayət işi Nəsimi rayon Məhkəməsinin icraatındadır.

Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva ötən ilin dekabr ayında vəzifəsindən azad olunub. Səidə Haqverdiyevanın öz ərizəsi ilə işdən ayrıldığı bildirilib.

Bundan əvvəl isə sözügedən teatr daxildə baş verən qalmaqalla gündəmə gəlib. Səidə Haqverdiyeva Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin həyat yoldaşı olub. İstefa verdiyi gün onların nikahına da xitam verilib.

Xəbər xətti