“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsndə irəli sürdüyü amnistiya təşəbbüsü mühüm hüquqi sənədlərdən biri olmaqla yanaşı, həm də geniş sosial məzmun daşıyan bir aksiyadır”.
Bu fikirləri Ucnoqta.az-a “Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” ictimai birliyinin sədri Susana Məmmədova səsləndirib. O deyib ki, amnistiya aktı cəmiyyətin sosial strukturlarına, ailə münasibətlərinə və ümumi ictimai psixologiyaya birbaşa təsir göstərən humanist addımdır:
“İlk növbədə onu qeyd etmək lazımdır ki, bu addım, təşəbbüs dövlətin humanist siyasətinin təzahürüdür. Dövlət cəza siyasətində yalnız cəzalandırma prinsipini deyil, eyni zamanda bağışlama, mərhəmət və islah etmə məqsədini də ön plana çəkir. Bu yanaşma hüquq pozuntusu törətmiş şəxslərin cəmiyyətdən tam təcrid edilməsinin deyil, onların yenidən ictimai həyata qaytarılmasının mümkünlüyünü qəbul edir”.
Susana Məmmədovanın sözlərinə görə, amnistiyanın sosial aksiya kimi dəyərləndirilməsinin əsas səbəblərindən biri onun geniş kütləni əhatə etməsidir:
“Azadlığa buraxılan və ya cəzası yüngülləşdirilən şəxslər ailələrinə qayıdır, əmək fəaliyyətinə cəlb olunur və cəmiyyətin tamhüquqlu üzvü olmaq imkanı əldə edirlər. Bu isə ailə institutunun möhkəmlənməsinə, sosial asılılığın azalmasına və iqtisadi fəallığın artmasına şərait yaradır. Amnistiya aktının sosial mahiyyəti həm də ictimai etimadın gücləndirilməsi ilə bağlıdır. Dövlət tərəfindən qəbul edilən bu cür humanist qərarlar vətəndaşlarda ədalətə və hüquq sisteminə inam yaradır. Cəmiyyət görür ki, hüquq sistemi sərt cəza mexanizmi olmaqla yanaşı, fərdi halları nəzərə alan və insani dəyərlərə əsaslanan bir sistemdir”.