Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlərəə test imtahanı keçiriləcək

15:00 - 14 Oktyabr 2025 - Cəmiyyət

Noyabrın 14-də saat 11:00-da ölkə ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan edilmiş müsabiqədə iştirak edən namizədlərlə test imtahanı keçiriləcək.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, test imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) ilə birlikdə DİM-in Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək.

İmtahanda buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər azı 1 saat əvvəl gəlməli, şəxsiyyət vəsiqəsini və imtahana buraxılış vərəqəsini mütləq təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi olmadıqda namizəd imtahana buraxılmır.

Test imtahanı DİM tərəfindən ödənişli əsaslarla keçirilir. İmtahana buraxılış vərəqəsini DİM-in rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etmək mümkündür.

İmtahana hazırlıqla bağlı “Yaddaş kitabçası”“Test imtahanında kompüterdən istifadəyə dair Təlimat və digər zəruri informasiya Ədliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilib, habelə Nazirliyə müraciət edənlər bu məlumatları əldə edə bilərlər.

Xatırladırıq ki, imtahanın keçirilməsi qaydalarına uyğun olaraq, test imtahanının nəticələrinə görə 60 və daha çox bal toplamış şəxslər ikinci mərhələyə - müsahibəyə buraxılacaqlar.

Əlavə məlumatları Nazirliyin rəsmi saytından, habelə (012) 510-10-01 (daxili nömrə: 10252 və ya 10270) nömrəli telefon vasitəsilə əldə etmək mümkündür.

İmtahan binasına getmək üçün naviqasiya məlumatları Nazirliyin rəsmi saytında yerləşdirilib.

Xəbər xətti