"Ölkəmizin ilk məktəb mediatorları bu tədris ili üçün fəaliyyətlərini tamamladılar. “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə icra etdiyi “Məktəbli münaqişələrinin həllində “həmyaşıd vasitəçiliyi”nin tətbiqi” layihəsi çərçivəsində hazırlanan mediator şagirlərin 2 aya yaxın mediator fəaliyyətini uğurla başa vurdular”.
Bu barədə Ucnoqta.az-a məlumat verən “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova bildirib ki, layihə Bakı, Sumqayıt şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən 15 məktəbi əhatə edib.
“Layihə çərçivəsində 15 pilot məktəbin hər biri 1 ədəd mediasiya stolu və 3 ədəd stulla təmin edildi. Hər bir məktəbin pilot siniflərində təhsil alan şagirdlərlə görüş keçirilərək “həmyaşıd vasitəçiliyi”nin tətbiqinin faydaları ilə bağlı məlumatlandırma aparılıdı. Şagirdlərin, həmçinin çap olunan buklet vasitəsi ilə maarifləndirilməsi həyata keçirildi.
Daha sonra layihəyə ləlb olunan məktəblərdə çalışan 22 nəfər məktəb psixoloqu və 14 nəfər uşaq birliyi rəhbəri 3 günlük təlimə cəlb olundu. Növbəti mərhələdə layihənin əhatə etdiyi 15 pilot məktəbin təhsil aldıqları siniflərində şagird səsverməsi ilə seçilən 118 şagird 6 günlük təlimə cəlb edildi. Təlimi uğurla başa vuran mediator şagirdlər 20 aprel 2025-ci ildən başlayaraq cari tədris ilinin sonunadək öz siniflərində yaranan məktəbli münaqişələrini müzakirə vasitəsi ilə çözməyin bir nümunəsi yarada bildilər. Keçirilən mediasiya sessiyaları ilə onlar öz siniflərində baş verən münaqişələrin məktəb rəhbərliyi və valideyn müstəvisinə çıxmadan öz aralarında müzakirə edərək həll etməyin nümunələrini ortaya qoydular”,- deyə G.Həsənova qeyd edib.
Qeyd edək ki, layihənin icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 113, 156 və 244 nömrəli, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xırdalan şəhəri 6, 11 nömrəli, Sumqayıt şəhəri 3 nömrəli, 7 nömrəli və 14 nömrəli, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Kəlbəcər rayon 117 nömrəli, Laçın rayonu 1 nömrəli, 45 nömrəli, Qubadlı rayonu 1 nömrəli və Cəbrayıl rayon Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbi və Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Füzuli rayonu 47 nömrəli, Ağdam rayonu 32 nömrəli tam orta məktəbi əhatə edir.