"İsrailin İranın nüvə obyektlərinə hücumu nəticəsində partlayışlar olsa, nüvə zənginləşdirmə obyektlərindən havaya radioaktiv zərrəciklər atıla bilər. Uçan radioaktiv zərrəciklər toz şəklində külək və su vasitəsilə daşına bilər. Nüvə obyektlərinin yerləşmə xəritəsini bilmirik. Araz çayı hövzəsində yerləşən obyektlər varsa, bizə təsir edə bilər. Radiasiya uzaq məsafələrə də yayılır, Azərbaycan üçün narahatlıq yarada bilər".
Ucnoqta.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Radiasiya Problemləri İnstitutunun direktoru İslam Mustafayev deyib.
Onun sözlərinə görə, Radiasiya Problemləri İnstitutu, Ekologiya Nazirliyinin monitorinq mərkəzləri, Nüvə Tədqiqatları Mərkəzi və Biologiya İnstitutunun texniki potensialını səfərbər etmək lazımdır ki, havada və suda radioaktiv fonu ölçsünlər: "Kənaraçıxmalar aşkarlanarsa, tədbirlər görülməlidir.
İran ərazisində çoxlu dağlar var, uranı zənginləşdirmək mümkündür, oradakı süxurlarda uranın miqdarı artıqdır. Azərbaycanla sərhəddə olan Əlburz dağları var, orada da uran çoxdur”.
İ.Mustafayev bildirib ki, dünyada uran zənginləşdirmə və atom reaktorları üçün xammal hazırlanan laboratoriyaların sayı 900-dən çoxdur: “Onlardan yalnız 250-si İranın Atom Enerjisi Təşkilatının (MAQATE) komissiyasına nəzarəti həyata keçirməyə icazə verir. Atom silahı üçün istifadə olunan uranın zənginlik dərəcəsi bir cürdür, sülh məqsədləri üçün atom elektrik stansiyalarında isə fərqlidir. Ona görə də o laboratoriyaya girib uranın zənginləşdirmə dərəcəsini müəyyənləşdirəndə bəlli olur ki, onlar atom bombası hazırlamağa başlayıblar, yoxsa atom elektrik stansiyası üçün iş aparılır.
İran iddia edir ki, uran sonra atom elektrik stansiyasında elektrik enerjisi almaq üçün zənginləşdirilir. Hər il MAQATE-nin Baş Assambleyasında iştirak edirəm, orada ölkələrin çoxu İranda atom silahı hazırlamaq üçün tədqiqatların aparıldığına şübhə ilə yanaşır. Hazırda baş verənlər çox qarışıqdır. Hələ informasiyaları təhlil etməmişəm. İran tərəfi tədqiqat üçün inspeksiyanı buraxmır, İsrail də bombalayır ki, nə üçün beynəlxalq təşkilatlara laboratoriyalarında tədqiqatlara icazə vermir.
İranın nümayəndəsi iki il öncə MAQATE-nin Baş Assambleyasında çıxışında dedi ki, niyə İsrailin laboratoriyaları olmalıdır, bizim olmalı deyil. Çox ölkələr qınadılar ki, madam bu laboratoriyalarda uranın zənginləşdirilməsi dinc məqsədlər üçündür, onda İran beynəlxalq inspeksiyanı buraxsınlar. İranın laboratoriyaları yoxlamağa icazə verməməsi şübhə doğurur. Konkret heç bir ölkəni günahlandırmaq istəmirəm. Arzu edərdim ki, hər şey MAQATE-nin qaydaları daxilində olsun”.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib. İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.