İsrailin İrana zərbələrinin DETALLARI

11:02 - 13 İyun 2025 - DÜNYA

Xəbər verdiyimiz kimi, İsrail ordusu bir neçə şəhərdə İranın nüvə tədqiqat obyektlərinə hücum edib.

Ucnoqta.az xəbər verir ki, İsrail Ordusu "F-35" döyüş təyyarələri ilə İrana kütləvi raket zərbəsi endirib, nüvə alimlərini, aparıcı hərbi və siyasi xadimləri məhv etmək üçün ölkə daxilində gizli xüsusi əməliyyat keçirib.

Yerli vaxtla saat 3-də müdafiə naziri İsrael Katz bütün ölkə ərazisində dərhal fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edib.

İsrail Tehrana qarşı əməliyyatı "Am Kelavi" adlandırıb, bu da "Aslan millət" kimi tərcümə olunur. Onun məqsədi İranın nüvə təhlükəsini aradan qaldırmaqdır.

Səhər saatlarında ilk raketlər Tehranda bir neçə hündürmərtəbəli binaya düşüb. Yerli media ilk itkilər barədə məlumat yayıb.

İsrailin Tehranda hündürmərtəbəli binalara endirdiyi zərbələr zamanı İran ordusunun Baş Qərargah rəisi Məhəmməd Baqiri həlak olub.

Tezliklə İran mediası İsrail raketlərinin SEPAH nümayəndələrinin yaşadığı yaşayış kompleksini vurması barədə xəbər yayıb.

Səhər saat 4 radələrində İsrail İranın Natanz şəhərindəki nüvə tədqiqat obyektlərini bombalamağa başlayıb. Bu barədə ölkənin baş naziri Benyamin Netanyahu bildirib. İsrailin hava hücumlarından sonra İranın Natanz şəhərindəki nüvə obyektlərində yanğın baş verib.

İsrail ordusu “Maddə 8” fövqəladə əmri ilə minlərlə ehtiyatda olan əsgəri orduya çağırıb.

Səhər saat 5 radələrində İran rəsmiləri SEPAH komandiri Səlaminin İsrailin hava hücumları zamanı ölmüş ola biləcəyini açıqlayıb. Onlar həmçinin iki böyük nüvə alimi - doktor Tehrançi və Fereydun Abbasinin (o, artıq 2010-cu ildə qətlə yetirilib) ölümünü təsdiqləyiblər. Onlar iki həftə əvvəl Tehranın taktiki nüvə bombaları hazırlaya biləcəyini deyiblər.

Səhər saat 8 radələrində üçüncü nüvə alimi Abdolrahim Minuçöhrün vəfat etdiyi barədə məlumat ortaya çıxıb. O, İsrailin hava hücumu zamanı həlak olub.

Daha sonra ölən nüvə alimlərinin ümumi sayı açıqlanıb - altı nəfər.

Ən azı 10 mülki şəxs həlak olub, 24 nəfər yaralanıb.

Buna cavab olaraq İran İsrailə qarşı onlarla raket atıb. Qüds onların qarşısını almaq üçün səmaya döyüş təyyarələri qaldırıb.

Xəbər xətti