Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.
Xankəndi şəhərində keçiriləcək imtahan işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır. İmtahan Qarabağ Universitetində keçiriləcək. Bu imtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verəcəklər. İmtahanda 51 abituriyentin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, imtahan sənədləri və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə abituriyentlər və onları müşayiət edəcək valideynlərinin Xankəndi şəhərinə səfərinə icazə verilir.
II ixtisas qrupu üzrə imtahanda 25961, III ixtisas qrupu üzrə imtahanda isə 28286 nəfər olmaqla, ümumilikdə 54247 abituriyentin iştirakı nəzərdə tutulur.