Naxçıvanda kütləvi ZƏHƏRLƏNMƏ

13:19 - 22 May 2025 - ÖLKƏ İÇİ

Mayın 21-də Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzinə qida zəhərlənməsi şübhəsi ilə 7 nəfər yerləşdirilib.

Ucnoqta.az xəbər verir ki, mərkəzin həkimi Nəzmin Allahverdiyeva bildirib ki, xəstələr ürəkbulanma, qusma, ishal, qarın ağrısı və ümumi halsızlıq kimi şikayətlərlə daxil olublar. Onların vəziyyəti orta-ağır qiymətləndirilib, dərhal simptomatik tibbi yardım göstərilib. Müalicədən sonra pasiyentlər evə buraxılıb.

Araşdırmalar zamanı məlum olub ki, zəhərlənməyə səbəb dönər və şaurma tipli fast-food qidaların istehlakı olub.

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, qida zəhərlənməsi halları Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kassap dönər” adlı iaşə obyektində qeydə alınıb: “Agentliyin əməkdaşları tərəfindən obyektdə müvafiq araşdırmalar aparılıb, şübhəli məhsullardan nümunələr götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Hazırda analizlər davam etdirilir və nəticələrlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.///nuhcixan

Xəbər xətti