QHT Platforması Qlobal Cənubun səsinə çevriləcək - Aygün Əliyeva

17:01 - 29 Aprel 2025 - Cəmiyyət

Artıq iki gündür ki, “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu davam edir. Forumun ilk günü Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciəti ilə yadda qaldı. Həmin müraciətin ünvanlanması həm Azərbaycanın Qoşulmama Hərəkatı dövründəki sədrliyinin layiqli davamı, həm də Azərbaycanın vətəndaş cəmiyyətinə, ölkə rəhbərinin etimadı və inamı kimi qiymətləndirilməlidir.

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.

Forumun ilk gününün, həmçinin Qlobal Cənub QHT Platformasının yaradılması təşəbbüsünün təsdiqi ilə yadda qaldığını diqqətə çatdıran A.Əliyeva bildirib:

“Həmin platformanın mənzil qərargahının Bakıda yerləşməsinə və Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İskəndərlinin bir il ərzində Platformanın baş katibi elan olunmasına qərar verildi. Platformanın yaradılması ideyası Azərbaycanın COP29-a rəhbərlik etdiyi dönəmdə Azərbaycan QHT-lərinin və Milli QHT Forumunun təşəbbüsü ilə meydana çıxıb. Belə ki, COP29 dönəmində iki həftə ərzində mindən artıq xarici qeyri-hökumət təşkilatı belə bir planın yaradılmasının zəruriliyini qeyd etmişdi. İndi isə tədbirdə 115 ölkəni təmsil edən 130-a yaxın nümayəndə canlı şəkildə həmin platformanın yaradılmasını təsdiq etdi”.

İki gün ərzində müxtəlif mövzularda fikir mübadiləsinin aparıldığını vurğulayan Agentliyin icraçı direktoru əlavə edib:

“Qlobal Cənub QHT-ləri iqlim dəyişikliyi ilə mübarizədə qeyri-hökumət təşkilatlarının rolu, eyni zamanda, D8 formatında QHT-lərin görüşü, Bandunq prinsipləri və Bandunq ruhu, suverenlik mövzularında müzakirələr apardılar. Bu gün, həmçinin ikitərəfli formatda memorandumlar imzalandı. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Çin və Özbəkistan qeyri-hökumət təşkilatları ilə, Azərbaycanın müxtəlif yerli qeyri-hökumət təşkilatları isə yeddi xarici qeyri-hökumət təşkilatı ilə anlaşma memorandumları imzaladı. Bundan sonra da agentliyin Qlobal Cənub qeyri-hökumət təşkilatları ilə və ayrı-ayrılıqda Azərbaycanın yerli QHT-lərinin həmin formatda əlaqələri davam edəcək. Agentlik növbəti qrant müsabiqələrində Qlobal Cənubda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının da təşəbbüslərinin və ideyalarının dəstəklənməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirəcək. Əminəm ki, yaradılan platforma öz faydalı nəticələrini verəcək və Qlobal Cənubda təmsil olunan 100 milyonlarla insanın BMT də daxil olmaqla müxtəlif beynəlxalq təşkilatlarda səsinə çevriləcək”.

Xəbər xətti