Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Pənahov Hafiz Saməddin oğlu Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir müavini təyin olunub.
Ucnoqta.az xəbər verir ki, Hafiz Pənahov 2004-cü ildə Gəncə Dövlət Universitetində “Coğrafiya” ixtisası üzrə bakalavr, 2024-cü ildə isə ADA Universitetində Menecment (Təhsilin təşkili və idarə olunması) ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub.
2005–2015-ci illərdə Şəmkir rayon Zəyəm Cırdaxan kənd tam orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyət göstərib. 2010-cu ildən etibarən təhsil sahəsində bir sıra layihələrdə təlimçi, mentor və koordinator kimi iştirak edib. 2013–2014-cü tədris ili üzrə Təhsil Nazirliyi tərəfindən keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub.
2015–2016-cı illərdə Şəmkir Rayon Təhsil Şöbəsində coğrafiya metodisti, 2016–2017-ci illərdə Şəmkir Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışıb.
2017–2022-ci illərdə Şəmkir Rayon Təhsil Şöbəsinin müdir müavini, 2022–2024-cü illərdə isə Şəmkir rayonu üzrə təhsil sektorunun baş məsləhətçisi vəzifələrində fəaliyyət göstərib.
2025-ci ilin 21 aprel tarixinədək Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində çalışıb.
Evlidir, 2 övladı var.