İRİA Azərbaycanı Mərakeşdə keçirilən beynəlxalq tədbirdə təmsil edib

17:23 - 14 İyun 2024 - Xəbər

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndə heyəti  Mərakeşdə keçirilən “GITEX Africa 2024” tədbirində iştirak edib.

Ucnoqta.az xəbər verir ki, dünyanın müxtəlif yerlərindən sənaye liderlərini, qlobal ekspertləri, investorları və innovatorları bir araya gətirən tədbirdə İRİA innovasiya, rəqəmsal hökumət və kibertəhlükəsizlik sahəsində ölkəni təmsil edib. Azərbaycan stendində sözügedən istiqamətlər üzrə ölkənin mövcud inkişafı və təqdim etdiyi məhsullarla bağlı geniş məlumatlar bölüşülüb. 
 Tədbirdə İnformasiya Təhlükəsizliyi departamentinin nümayəndələri, eləcə də yerli kibertəhlükəsizlik məhsulu olan “CYPHO”nun komandası iştirak edib və onlar müxtəlif mövzularda 22 şirkətlə müzakirələr aparıblar. Görüşlərin nəticəsi olaraq məhsulun demo versiyası bir neçə şirkətlə sınaqdan keçirilib. Qeyd edək ki, "Cypho" dünyanın aparıcı bulud xidmətləri göstərən şirkətlərdən birinin startup proqramına qəbul edilib və bu proqram çərçivəsində xidmətlərdən istifadə üçün 100 min avro ayrılıb.

Bundan əlavə, İRİA-nın İnnovasiya Ekosistemi departamentinin nümayəndə heyətinin üç günlük tədbirdə müxtəlif ölkələrdən, şirkətlərdən  olan təxminən 150-dən çox nümayəndə ilə müzakirələri baş tutub. Görüşlərdə potensial birgə layihələr, Azərbaycan startaplarının beynəlxalq müəssisələrdə iştirakı, Azərbaycanın Mərkəzi Asiya və Avropa bazarlarına çıxış üçün strateji platforma kimi yerləşdirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə İRİA-nın Rəqəmsal Məhsulların İnkişafı departamentinin nüməyəndələri  rəqəmsal hökumət istiqamətində təqdim olunan qabaqcıl məhsullarla bağlı məlumat veriblər. Eyni zamanda müvafiq istiqamətdə potensial əməkdaşlıq formatları müzakirə olunub və dünyanın müxtəlif yerlərindən qatılan nümayəndələrlə bilik və təcrübə mübadilələri aparılıb.  Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Nazim Səmədov Azərbaycan stendini ziyarət edib. Səfir Səmədova İRİA-nın nümayiş etdirdiyi nailiyyətlər və məhsullar haqqında məlumat verilib, Azərbaycanın rəqəmsal inkişafa və beynəlxalq əməkdaşlığa sadiqliyi vurğulanıb.

Qeyd edək ki, İRİA-nın “GITEX Africa 2024”  tədbirində iştirakı  Azərbaycanın rəqəmsal inkişafda əldə etdiyi irəliləyişləri vurğulamaqla yanaşı, qlobal rəqəmsal ekosistemdə əməkdaşlıq və inkişaf üçün yeni imkanları gücləndirib. 

Xəbər xətti