Astara rayonunun ucqar dağlıq ərazilərində torpaq sürüşməsi baş verib. Nəticədə vətəndaşa məxsus ev qəzalı vəziyyətə düşüb, piyada körpüsü uçulub.
APA-nın məlumatına görə son vaxtlar cənub bölgəsinə yağan güclü, aramsız yağışlar nəticəsində Astara rayonunun dağlıq ərazilərinin bir çox yerlərində torpaq sürüşmələrinə gətirib çıxarıb. Dağlardan sürüşən torpaq qatı Astara rayonunun Pəlikeş inzibati dairəsinə aid olan Lomin kənd sakini Aynagül Baloğlan qızı Nabatovaya məxsus evi qəzalı vəziyyətə salıb. İki metrə yaxın torpaq qatı əsasən evin arxa hissəsi və həyətyani sahəsini əhatə edib. Evin xanımı deyir ki, analoji hadisə 2019-cu ildə də baş verib. Həmin vaxt problem yaxınlarının köməkliyi ilə aradan qaldırılıb. Evin arxa divarı yenidən təmir olunub.
Aramsız yağışlar nəticəsində kənd ərazisindən keçən çay daşıb, piyada körpüsünü də uçurub. Çayın əks tərəfində qalan ailələr üçün gediş – gəliş çətinləşib. Sakinlərin sözlərinə görə körpünün olmamasına görə 15-ə yaxın şagirdin məktəbə getmələri üçün problem yaranıb. Kənd ərazisində başqa bir yol olsa da, uzaq olduğundan o yolu getmək vaxt aparır.
Astara rayon icra hakimiyyəti başçısının Pəlikeş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xəqani Xalıqov APA-ya bildirib ki, hadisəni eşidən kimi dərhal kənd sakinləri ilə birlikdə həmin ünvanda olub və qısa bir vaxt ərzində ailə atası evinə təxliyə edilib.
“Vətəndaşlarla birlikdə həyətin içində müəyyən işləri gördük. Hal – hazırda çayda su olduğuna görə texnikaların çayın o tərəfinə keçməsi mümkün deyil. Çayda suyun səviyyəsi aşağı düşəndən sonra ora ağır texnika aparılacaq və evin ətrafı təmizlənəcək. Piyada körpünü də sel suları aparıb. Çalışacayıq qısa bir vaxtda orada vətəndaşların gedib – gəlməsi üçün piyada körpünü bərpa edək”.
Qeyd edək ki, torpaq sürüşməsi nəticəsində evi qəzalı vəziyyətə düşən Aynagül Nabatovanın ailəsi ikisi azyaşlı olmaqla, dörd nəfərdən ibarətdir.