“Komandamın çıxışından razı qaldım” - Canni De Byazi

19:51 - 11 Sentyabr 2023 - İDMAN

“İordaniya isə kağız üzərində böyük səslənməsə də, yaxşı komandadır”.

“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda İordaniya yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis matça hazır olduqlarını bildirib: “Böyük oyundan sonra bütün diqqət sabahkı matça yönələcək. Belçika ilə görüşü yaxşı keçirmişdik. Çıxışlarını izləmişəm. Maraqlı mübarizə olacaq”.

Belçika ilə matçı bir daha xatırlayan çalışdırıcı 0:1 hesablı məğlubiyyətə baxmayaraq, komandasının həmin görüşdəki performasından razılıq bildirib: “Belçikaya uduzmağımızın səbəbi qarşımızda çox güclü rəqibin olması idi. Əllərinə düşən bir şansdan da yararlandılar. Buna baxmayaraq, komandamın çıxışından razı qaldım. Kollektiv şəkildə yaxşı oynadıq. Oktyabrdakı rəsmi görüşlər öncəsi sabah axşam bizi vacib test gözləyir. Gələn ay kimlərin heyətdə yer alıb-almayacağı da sabahkı qarşılaşmadan asılı ola bilər”.

O, rəqib qismində İordaniyanı seçmə səbəbini də açıqlayıb: “İordaniya çox yaxşı komandadır. FİFA reytinqində bizdən 40 pillə irəlidədirlər. Serbiya ilə oyunda öndə olsalar da, son anda məğlub oldular. Variantımız bu komanda idi, biz də seçdik”.

Qeyd edək ki, sentyabrın 12-də keçiriləcək Azərbaycan - İordaniya oyunu saat 20:00-da start götürəcək.

Xəbər xətti