"Yaxşı oyun göstərdik" - Canni De Byazi

19:45 - 9 Sentyabr 2023 - İDMAN

“Bundan artığına nail ola bilərdik”.

“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Belçika yığmasına 0:1 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis “Dalğa Arena”da baş tutan qarşılaşmanın ardından komandasının çıxışını dəyərləndirib: “Ağır oyun olsa da, 90 dəqiqə ərzində ağıllı çıxış etdik. Yenə də çox şeyi inkişaf etdirməliyik. Topu irəli vurmamalı, yerlə oynamalıyıq. İmkan olduqca da qol vurmalıyıq. Düşünürəm ki, yaxşı oyun göstərdik. AFFA prezidenti matçdan sonra uşaqlarla görüşdü, hamıya təşəkkürünü bildirdi. Komandadan razı qaldığını dedi. Bu sevindirici haldır”.

67 yaşlı çalışdırıcı meydana ehtiyatdan daxil olanlardan da razılıq bildirib: “Əvəzlənənlər artıq yorulmuşdular. Ümumilikdə bütün komanda xoşuma gəldi. Belə oyunda əvəzetmədən meydana girdikdən sonra oyuna qoşulmaq çətin məsələdir. Əsas odur ki, belə vəziyyətdə oyun səviyyəsi aşağı düşməsin”.

Rahil Məmmədovun çıxışından razı qalan baş məşqçi digər müdafiəçi Amin Seydiyevin “23-lük”dən kənarda qalmasının səbəbini də açıqlayıb: “Amin Seydiyev bizimlədir. Sadəcə, başqa xarakterli oyunçular lazım idi. Çünki belçikalı futbolçular fiziki cəhətdən güclüdürlər. Rahil Məmmədovun isə təcrübəsi bizə lazım idi. Çempionatın bütün matçlarında iştirak edir. Bu gün də yaxşı çıxış etdi”.

Canni De Byazi doğru yolda olduqlarını vurğulayıb: “Bu gün meydanda yaxşı oyun sərgilədik. Belə rəqiblə mübarizə apara bildiyimizi göstərdik. Bu gün Emil Səfərov kimi yeni futbolçu meydana daxil oldu. Bu, gələcəyə doğru yaxşı addımdır. Nəyəsə nail olmaq üçün təcrübələrdən keçməlisən. Nəzərə alaq ki, futbolçuları Avropanın top-klublarında çıxış edən güclü komandalara qarşı oynayırıq”.

Xəbər xətti