"Fransanın yükləri və Parisin meri Laçın yolunda ilişib qalmalıdırlar"

13:23 - 30 Avqust 2023 - SİYASƏT

Bu psixoloji mübarizədir, Fransa bizə təzyiqi artırmağa çalışır. Fransa Avropanın iki aparıcı dövlətindən biri olduğundan bu ölkənin prezidenti hesab edir ki, Ermənistanın mövqeyindən çıxış edərək Azərbaycana təzyiq siyasəti nəticə verəcək. Fransa prezidenti Emmanuel Makronun Bakıya dünənki zəngi də bununla bağlıdır. Makronun dövlət başçısı İlham Əliyevlə fikir mübadiləsinin içi barədə məlumat verilməsə də, söhbətin əsas hissəsinin Laçın yolu ilə bağlı olduğunu güman etmək olar.

Ucnoqta.az xəbər verir ki, bu barədə siyasi ekspert Elxan Şahinoğlu deyib.

Yolu açmasaq, Paris bizə qarşı nə edə bilər?

Ekspert bildirir ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan qarşı qətnamə qəbul etdirməyə çalışa bilər:

"Rusiya veto hüququndan istifadə edəcək. Rusiya bunu Azərbaycana görə deyil, Ukrayna müharibəsinə görə Qərblə qarşıdurmasına görə edəcək. ABŞ-ın özü də Fransanın oyununa gəlib Avrasiya bölgəsində indiki həssas məqamda Azərbaycanla münasibətləri korlamaq istəməz. Fransa Avropa İttifaqı çərçivəsində də Azərbaycana qarşı təzyiq mexanizmlərini hərəkətə gətirə bilər. Fransanın bu istiqamətdə də nəticə əldə edəcəyi problematikdir. Avropa İttifaqında qərarlar konsensusla qəbul edilir, Azərbaycanın Avropadakı dostları və enerji resurslarımıza ehtiyacı olan dövlətlər Fransanın anti-Azərbaycan qərarına dəstək verməyəcəklər. Ona görə də Fransanın yükləri və Parisin meri Laçın yolunda ilişib qalmalıdırlar".

Xəbər xətti