Azərbaycanın Xalq rəssamı vəfat edib

12:38 - 12 İyul 2023 - Mədəniyyət

Azərbaycanın mədəniyyətinə itki üz verib.

Bu barədə Ucnoqta.az-a Mədəniyyət Nazirliyindən xəbər verilib. Azərbaycan Respublikasının Xalq rəssamı Fazil Nəcəfov iyulun 11-də, 88 yaşında vəfat edib.

Qeyd edək ki, Fazil İmamverdi oğlu Nəcəfov 16 fevral 1935-ci ildə Bakı şəhərində anadan olub. 1955-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1961-ci ildə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutunu bitirib.

Fazil Nəcəfov "İçərişəhər qadınları", "Ana", "Korların nəğməsi", "Teatr", "H.B.Vəzirov", "Səhər", "Həyatın mərtəbələri", "Zamanın oyunları", "Fortuna", "Qulyabani", "Qoca", "Qız", "Gənc qadın", "Çılpaq qadın", "Qadın", "Oturmuş qadın", "Qara ay", "Korlar", "Mələk", "Həyatın mərtəbələri", "Zamanın sədası", "Söhbət", "İstirahət edən qoca", "Minillik insan", "İbadət", "Əkizlər", "Fontan" kimi əsərlərin müəllifidir.

2014-cü ildə Fazil Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaradıb.

O, 2015-ci ildə Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) dəstəyi ilə 56-cı Venesiya Biennalesində 8 əsəri ilə iştirak edib.

Fazil Nəcəfov 7 may 1988-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi", 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. Rəssam 15 fevral 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Xəbər xətti