Azərbaycanda tanınmış alim vəfat edib - FOTO

14:46 - 14 İyun 2023 - HADİSƏ

Görkəmli alim, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisad elmləri doktoru Dünyamalı Vəliyev 11 iyun 2023-cü il tarixində dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.

Qeyd edək ki, Dünyamalı Əmir oğlu Vəliyev 1942-ci ildə Borçalı mahalının Qasımlı kəndində anadan olub. 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) İqtisad fakültəsinin Maliyyə və kredit şöbəsində ali təhsil alıb. Uzun illər Azərbaycan Respublikasının bank sektorunda, ali müəssisələrində çalışıb. 1971-ci ildə Azərbaycan SSR EA-nın Şərqşünaslıq İnstitutunda "Müasir Türkiyənin dövlət borcları" mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1979-cu ildə Azərbaycan SSR EA-nın Şərqşünaslıq İnstitutunda çalışmağa başlayıb. Burada baş elmi işçi, şöbə müdiri və institutun elmi işlər üzrə direktor müavini kimi səmərəli fəaliyyət göstərib. 2010-cu ildə AMEA-nın İqtisadiyyat İnstitutunda "Azərbaycanın qlobal maliyyə-iqtisadi mühitə inteqrasiyasının aktual problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək iqtisad üzrə elmlər doktoru dərəcəsinə yiyələnib.

Dünyamalı Vəliyevin iqtisadiyyat elminin inkişafında xüsusi xidmətləri olub. 12 kitabın, o cümlədən "Türkiyənin dövlət maliyyəsi və sosial-iqtisadi inkişafı", "Qloballaşma şəraitində Azərbaycanın beynəlxalq bazarlara inteqrasiyası: təmayüllər, problemlər, perspektivlər", "Türkiyə. Turqut Ozal və iqtisadi möcüzələr", "Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyası", “Türk dünyası qlobal iqtisadi inkişaf yollarında” və digər kitab və dərsliklərin, 60-dan çox elmi məqalənin müəllifi idi. Bakı, Moskva, Kiyev, Tbilisi, Ankara, İstanbul, Bursa, Trabzon, Tehran, Tokio, Heidelberq şəhərlərində keçirilmiş konfrans, simpozium və seminarlarda Azərbaycan elmini layiqincə təmsil edib.

Allah rəhmət eləsin!


Xəbər xətti