Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbəyə Ağdaş şəhər sakini Rəmzi Soltanovun yaşadığı ünvanda çətənə kolları əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zaman o, şübhəli şəxs qismində saxlanılıb və evinin həyətyanı sahəsinə baxış keçirilərkən oradan dibçəklərdə yetişdirdiyi 36 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin narkotik tərkibli bitkiləri aprel ayının əvvəlində becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib.
Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində isə rayonun Abad və Qarasuqumlaq kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb. Ümumi çəkisi 3 ton 500 kiloqramdan çox olan 6186 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.